Azərbaycanda “Multikulturalizm ili”nin təbliği çərçivəsində ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Milli və Dünya İqtisadiyyatı Universitetində tələbə və müəllim heyəti qarşısında “Azərbaycanda multikulturalizm” mövzusunda mühazirə ilə çıxış edib.
Multikulturalizm məfhumunun tarixi haqqında məlumat verən səfir Azərbaycanda multikulturalizmin həm cəmiyyətin dünyagörüşündən irəli gələn dəyərin, həm də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dövlət ideologiyasının tərkib hissəsi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və cəmiyyətdə davamlı şəkildə təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur.
Səfir Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu vurğulayıb. Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu bildirən N.Qurbanova ölkəmizdə dini, etnik mənsubiyyətindən, cinsi və irqindən asılı olmayaraq bütün vətəndaşların ölkənin ictimai həyatında fəal iştirakı üçün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunduğunu qeyd edən diplomat hazırda ölkəmizdə müsəlman, xristian, yəhudi və digər icmaların sərbəst fəaliyyət göstərdiyini deyib. O, 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə Azərbaycan tərəfindən Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini birləşdirən “Bakı prosesi” təşəbbüsünün irəli sürüldüyünü və bu prosesin mütərəqqi dialoq üçün faydalı platforma olduğunu diqqətə çatdırıb. Son dövrdə ölkəmizdə Dünya Dini Liderlərinin Ümumdünya Sammiti, Bakı Beynəlxalq Humanitar Forumu, cari ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla baş tutduğunu və Bakı Bəyannaməsinin qəbul edildiyini söyləyən diplomat növbəti ilin də bu kimi mötəbər hadisələrlə dolu olacağını bildirib. Səfir bu kontekstdə ölkəmizin 2017-ci ilin aprel ayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, may ayında isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi barədə dinləyiciləri məlumatlandırıb.
Səfir Azərbaycanda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinin mövcud olduğunu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyini, bu Mərkəz tərəfindən bolqar tələbələrin də iştirak etdikləri beynəlxalq yay və qış məktəbləri layihəsinin həyata keçirildiyini və Mərkəzin dəstəyi ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yaradıldığını diqqətə çatdırıb.
Diplomat Azərbaycan hökumətinin ölkədəki bütün dini təsisat və ziyarətgahlara maliyyə dəstəyi ayırmasından söhbət açıb. Bu kontekstdə səfir ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini və onların maddi durumunun yaxşılaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan maliyyə vəsaitinın ayrılmasına diqqət çəkib.
O, Qafqazda ilk xristian kilsəsi olan, Şəki rayonunun Kiş kəndidə yerləşən Müqəddəs Yelisey Kilsəsinin tarixi barədə məlumat verib və məbədin Apostol Faddeyin tələbəsi Yelisey tərəfindən ucaldıldığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində mövcud 876 tarixi, mədəni və dini abidə Ermənistan tərəfindən məhv edilib.
Diplomat ölkəmizdə etnik qrupların ana dili fənninin tədris proqramına daxil edilməsi, etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə “Azərbaycan - doğma diyar” şüarı altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti Festivalı keçirildiyini və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda azsaylı xalqların folkloru bölməsinin fəaliyyət göstərdiyini bildirib.
N.Qurbanova Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə dünyanın bir çox ölkəsində qədim mədəniyyət abidələrinin bərpa edilməsi barədə də məlumat verib. O, Fondun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərində konservasiya və bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışında iştirak etmək məqsədilə Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın Bolqarıstanın Baş naziri Boyko Borisovun dəvəti ilə bu ölkəyə səfərini xatırladıb.
Xatırladaq ki, “Multikulturalizm ili” çərçivəsində 2016-cı il ərzində Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi tərəfindən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizm” mövzusunda “dəyirmi masa” keçirilib. Azərbaycan dili və Azərbaycan multikulturalizmi fənlərinin tədrisi ilə əlaqədar Mərkəz səfirlik tərəfindən materiallarla təmin edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya