Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ABŞ-da nümayəndəliyi açılıb. Birləşmiş Ştatların Los-Anceles şəhərində bununla bağlı tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Baş konsulluğun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə dəstəyi və təşkilatçılığı ilə keçirilmiş tədbirdə xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, dini icma rəhbərləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya və digər icmaların nümayəndələri iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyinin açılmasını əlamətdar hadisə adlandırıb. O, Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq bu dəyərlərin ölkəmizdə əsrlərdir mövcud olduğunu qeyd edib. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında gündən-günə daha da gücləndiyini diqqətə çatdırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov çıxışında Azərbaycanın multikulturalizm siyasəti haqqında məlumat verib, Mərkəzin fəaliyyəti haqqında danışıb. O, Azərbaycan rəhbərliyinin bu istiqamətə xüsusi diqqət ayırdığını, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2014-cü ildə məhz Prezident İlham Əliyevin Sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsindən ibarət olduğunu vurğulayan R.Həsənov 3 illik fəaliyyəti müddətində Mərkəzin Vatikan, London, Berlin, Bern, Helsinki, Roma, Cakarta və digər şəhərlərdə çoxsaylı layihələr həyata keçirdiyini bildirib. O, bu günə qədər Mərkəzin müxtəlif xarici ölkələrdə nümayəndəliklərinin açıldığını qeyd edərək, bu gün ABŞ-da nümayəndəliyin açılmasının Azərbaycan modelinin öyrənilməsi və iki ölkə arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-2017-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot çıxış edərək Mərkəzin ABŞ-da ilk nümayəndəliyinin rəhbəri seçilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu deyib, bu ənənələrin ABŞ ictimaiyyətinə daha dərindən çatdırılması istiqamətində nümayəndəliyin uğurlu fəaliyyət göstərəcəyinə inandığını bildirib.
BBMM-in ABŞ-dakı nümayəndəliyinin idarə heyətinin üzvləri – Birləşmiş Ştatlardakı Koreya icmasının aparıcı liderlərindən biri, İnanc və İcmaların Gücləndirilməsi Təşkilatının icraçı direktoru Heypin İm və Pakistan Şurasının sədri Adnan Xan Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq ölkəmizin tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini qeyd ediblər.
Daha sonra BBMM-in ABŞ-da nümayəndəliyinin yaradılmasına dair sözügedən nümayəndəliyin rəhbəri Canna Skot və Mərkəzin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov arasında Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə, həmçinin Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib və Azərbaycan musiqisindən nümunələr səsləndirilib.
AZƏRTAC