Bakıda “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

İyunun 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nın və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi, Prezident yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri, ilahiyyatçı alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, keçmiş sovet dövründə İslam dininə qarşı əks fəaliyyət aparılıb. Məscidlər dağıdılıb, din alimləri repressiyaya məruz qalıb. SSRİ-nin apardığı siyasət nəticəsində dini tədris ocaqlarının fəaliyyəti olmayıb. Bu siyasət İslam dini ilə yanaşı, xristianlığa və yəhudiliyə qarşı da aparılıb. Azərbaycan ikinci dəfə müstəqil olduqdan sonra ümummilli lider Heydər Əliyevin ölkədə müxtəlif dinlərin fəaliyyəti üçün imkan yaratdığını deyən komitə sədri vurğulayıb ki, Ulu Öndərin dini sahəyə diqqəti nəticəsində ölkəmizdə yeni məscidlər, sinaqoqlar və kilsələr tikilib. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edilməsi nəticəsində dini etiqadından asılı olmayaraq hər kəs rahat ibadət etmək imkanı qazanıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Dövlət Komitəsinin sədri yaradılan Azərbaycan İlahiyyat İnstitutunu ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsinə, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinə mühüm töhfə adlandırıb. Diqqətə çatdırıb ki, dini sahədə mənəvi dəyərləri əsas götürən, dinə məhdud çərçivədə deyil, geniş prizmada yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycan gerçəkliklərini nəzərə alan yüksək dini və dünyəvi savada malik ixtisaslı kadrların hazırlanması zəruridir.

M.Qurbanlı məhz Azərbaycan Prezidentinin bu uzaqgörən addımı sayəsində gənclərin dini sahədə qarşıya qoyulan məqsədlərə çatmaq üçün səylə çalışacaqlarına ümidvar olduğunu qeyd edib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı bildirib ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, dini sahədə də uğurlu siyasət həyata keçirilir. Aparılan siyasət beynəlxalq hüquq normalarına və tarixən formalaşmış demokratik dəyərlərə uyğundur. Ölkəmiz son illərdə dünyada dinlərarası harmoniyanın və millətlərarası münasibətlərin inkişafı məkanı kimi tanınır. Bu sahədə Prezident İlham Əliyevin və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz fəaliyyətləri var. Bu gün Azərbaycandan dünyaya tolerantlıqla bağlı ciddi çağırışlar edilir. Gəncləri dini ekstremist qüvvələrin təsirindən uzaqlaşdırmaq üçün Azərbaycanda dini təhsil sahəsində də ciddi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış İlahiyyat İnstitutu savadlı mütəxəssislərin hazırlanması ilə yanaşı, digər dini konfessiyaların nümayəndələrini də bu prosesə cəlb etmiş olur.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov tədbirdə geniş təqdimatla çıxış edib. O, yeni tədris ocağının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Rektor Prezidentin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu qeyd edib. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. İnstitutun tədris proqramında dini biliklərlə yanaşı, mükəmməl dünyəvi biliklərin də verilməsi nəzərdə tutulub. Rektor 2018-2019-cu tədris ili üçün Azərbaycan İlahiyyat İnstitutuna ilk dəfə həyata keçiriləcək tələbə qəbulunun Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçiriləcəyini qeyd edib. Ceyhun Məmmədov institutun fəaliyyətində müxtəlif dünya ölkələrində mövcud olan aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib.

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının Prezident İlham Əliyevin dini sahəyə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu deyərək qarşıdakı tədris ilində institutla birgə layihələr həyata keçirməyi planlaşdırdıqlarını bildirib. İcraçı direktor rəhbərlik etdiyi qurum ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əlaqələrin qurulmasının müsbət nəticələr verəcəyinə əmin olduğunu deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov isə çıxışında dövlət səviyyəsində dini sahəyə göstərilən qayğıdan bəhs edib. O, son dövrdə Prezident İlham Əliyevin Fərman və Sərəncamı ilə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu sahədə atılan strateji addımlar kimi dəyərləndirib. Bildirib ki, institutun kadrları Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin və zəngin multikultural mühitin qorunub saxlanılmasında xüsusi rola malik olacaqlar. R.Həsənov, eyni zamanda, sözügedən təhsil müəssisəsində Azərbaycan multikulturalizmi fənninin tədrisini arzu etdiyini bildirib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda qeyri-müsəlman dini icmaların nümayəndələrinin təhsil almaları üçün yaradılan şəraitdən danışıblar. Onlar Azərbaycan İlahiyyat İnstitutunda dinşünaslıq ixtisasının yaradılmasından məmnunluqlarını ifadə edib və bu sahədə hazırlanacaq ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu vurğulayıblar.

AMEA-nın müxbir üzvü, Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Könül Bünyadzadə, Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov, Xəzər Universitetinin baş müəllimi Mail Yaqub Azərbaycandakı dini təhsilin vəziyyəti, mövcud problemlər, görüləcək işlər barədə fikirlərini bölüşüblər.

AZƏRTAC