Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdə fəaliyyət göstərən ali məktəblərdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfranslar keçirilib.
Gəncə Dövlət Universitetində tədbiri açan şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov şəhərdə dini durumun sabit olduğunu bildirib və konfransı yüksək qiymətləndirib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd tolerant və multikultural dəyərlərimizi gənclər arasında təbliğ etməkdir. Dövlət Komitəsinin sədr müavini Azərbaycanın tolerantlıq dəyərlərinə təhdid yaradan məsələləri müzakirə etməyin vacibliyini diqqətə çatdırıb. O, çıxışında dini ekstremizm və radikalizmin fəsadlarından da bəhs edib.
Universitetin prorektoru Gülsüm Fətəliyeva milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan Aqrar və Texnologiya universitetlərində keçirilən konfranslarda Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Aqrar Universitetin prorektoru Anar Hətəmov, DQİDK-nın sədr müavini Gündüz İsmayılov və Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxış ediblər. Müzakirələrdə “Multikulturalizm ili” çərçivəsində reallaşdırılan bu səpkili konfransların radikal qrupların gəncləri öz təsir dairəsinə salmasının qarşısının alınması baxımından əhəmiyyəti qeyd edilib.
Müəllim və tələbələrin iştirak etdikləri konfranslarda multikultural və tolerant dəyərlər barədə tələbələrlə diskussiya aparılıb. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.
AZƏRTAC