Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Azərbaycanın Latviyadakı səfirliyində “Heydər Əliyev irsi və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib. Konfransda ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən siyasət, elm və mədəniyyət xadimləri, media nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda multikulturalizm ənənələri və bu sahədə aparılan dövlət siyasəti mövzusunda film nümayiş etdirilib.
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, bu xüsusda Azərbaycanda multikultural dəyərlərin qorunması və təşviqi istiqamətindəki tarixi xidmətlərindən bəhs edib.
Səfir bildirib ki, müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədilə ümummilli lider Heydər Əliyevin 2001-ci il 21 iyun tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycanda multikulturalizm ənənələri qədim tarixə əsaslansa da, onun dövlət səviyyəsində təşviqi ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında xüsusi dövlət qayğısı ilə əhatələnib.
C.Axundov, həmçinin vurğulayıb ki, Azərbaycanda müxtəlif dini təriqətlərin və millətlərin nümayəndələri daim sülh şəraitində yaşayıb. Ölkəmizdə heç vaxt milli və ya dini zəmində mübahisə olmayıb. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində vaxtilə Azərbaycan ərazisində çoxlu sayda məscidlərin, kilsələrin və sinaqoqların inşası Azərbaycanda multikulturalizmin təşviqinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu gün Azərbaycan dövləti bütün dünyada tolerantlığa, mədəniyyətlərarası və dinlərarası dialoqa töhfələr verir. Həmçinin ölkədə müxtəlif səbəblərdən dağılmış və ya zədələnmiş dini abidələr bərpa olunur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə 814 məscid inşa olunub. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq, bir sıra məscidlərdə əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ən qədim məscidlərdən biri olan Şamaxı Cümə məscidi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim Şəki şəhərindədir və onu hər il minlərlə xarici turist ziyarət edir. Bakıdakı molokanların ibadət evi tarixi abidə kimi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Roma Papası II İoann Pavelin Azərbaycana səfəri çərçivəsində yeni Katolik Kilsəsinin inşasının əsası qoyulub, Roma Papası Fransiskin 2016-cı ildəki səfəri zamanı isə həmin məbəddə dini ayinlər icra olunub.
Səfir qeyd edib ki, Bakıda neft emalının artması ilə ölkəmizə müxtəlif xalqların nümayəndələri - ruslar, gürcülər, ermənilər, polyaklar, almanlar köçüb gəlib. Bu günədək də onların nəsillərinin davamçıları Azərbaycanda yaşamaqdadır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb, lakin bizim ölkəmizdə hazırda 30 mindən çox erməni yaşayır. Bu faktın özü də Azərbaycandakı tolerantlığa ən bariz nümunədir.
Azərbaycan hazırda multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə mütəmadi olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Qlobal Bakı Forumu keçirilir. Səfir, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və onun həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqanın və üzvü, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin fəaliyyətini xüsusi vurğulayıb.
Daha sonra tədbirdə Latviya Universitetinin Akademik Kitabxanasının direktoru Venta Kotsere “Azərbaycan-Latviya mədəni dialoqu” mövzusunda çıxış edib. O bildirib ki, 1906-cı ildə Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərib. Latviyanın Azərbaycanda yaşayan ictimai xadimləri, yazıçıları, rəssamları, səyyahları bu şəhər barədə ən gözəl xatirələrini bölüşüblər. Hazırda kitabxanada o dövrə aid onlarla məktub, açıqca və xatirələr saxlanılır. Bəstəkar Yozef Medinç Azərbaycanın Opera və Balet Teatrında 1916-1922-ci illərdə dirijor kimi fəaliyyət göstərib.
V.Kotsere bildirib ki, 2017-ci ildə Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində Azərbaycan Mədəniyyət-İnformasiya Mərkəzi - Azərbaycan Guşəsi yaradılıb. Guşədə Azərbaycana dair 500-dən çox kitab var. Burada Azərbaycan dili kursları təşkil edilib. Latviyalı gənclər həmin kurslara böyük maraq göstərirlər. Həmçinin guşədə Azərbaycan səfirliyi ilə ortaq tədbirlər təşkil olunur.
Sonda qonaqlara Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa