Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İdarəetmədə multikultural dəyərlər” mövzusunda VII respublika elmi-praktik konfransı keçirilib

ATMU-nun rektoru İlham Mədətov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının dövlət siyasətində multikultural dəyərlər önəmli yerlərdən birini tutur. Sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycanda mövcud tolerantlıq ənənələrinin kökü qədim dövrlərə gedib çıxır. Ölkəmizdə əhalinin faiz göstəriciləri baxımından üstün olduğu azərbaycanlılarla - Azərbaycan türkləri ilə yanaşı, doğma diyarımızda talışlar, tatlar, tatarlar, ləzgilər, avarlar, yəhudilər, udilər, saxurlar, xınalıqlılar, buduqlar, ruslar, kürdlər və digər milli və etnik azlıqlar ayrı-seçki sindromuna uğramadan əsrlər boyu mehribancasına yaşayırlar.

Prezident İlham Əliyevin “dünyanın müxtəlif yerlərində narahatlıq doğuran ədalətsizliyin daha da artdığı müasir dövrdə multikulturalizm ənənələrinin gücləndirilməsi xüsusilə əhəmiyyətlidir”, - deyiminə istinad edən İ.Mədətov Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik ənənəsini elmi faktlarla əsaslandırıb. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində müxtəlif millətlərdən olan Vətən övladlarının da torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçdiklərinə şahidik”, - deyə o bildirib.

Son illər çoxsaylı siyasi, mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi etməsini Azərbaycana beynəlxalq müstəvidə etimadın başlıca göstəricisi sayan rektor “İdarəetmədə multikultural dəyərlər” mövzusuna həsr olunan VII respublika elmi-praktik konfransın gündəliyində yer alan məruzələrdə multikultural dəyərlərin, eyni zamanda, mədəni müxtəliflik üzrə iqtisadi nəticələrin müzakirəyə təqdimatından məmnunluğunu bildirib.

Universitetin Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli “Müasir universitetin təşkilati strukturu” mövzusunda çıxışında bildirib ki, ali təhsil müəssisəsinin, onun maliyyə-iqtisadi əsaslarının və idarəetmə sisteminin bazar şəraitində yenidən qurulmasında məqsəd ölkənin yeni sosial-iqtisadi strukturuna adaptasiya olunmaq, ali təhsil sistemini rasionallaşdırmaqla bərabər, bazar mexanizmlərinə uyğunlaşdırmaq, tələb və təklif, istehlakçıların müraciətləri əsasında təhsil xidmətlərinin keyfiyyət əmsalını yüksəltmək, təhsil sistemində tarazlığa təminindən ibarətdir.

Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov “Azərbaycanda halal turizmin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzəsində Azərbaycanın müsəlman ölkələrinin turizm sənayesi üçün getdikcə daha cəlbedici bir bazara çevrildiyini bildirib. Həmçinin qeyd edib ki, ümumi əhalisi 1,6 milyard nəfər və ya dünya əhalisinin 23 faizini təşkil edən müsəlman ölkələri çox gəlirli bir bazar olmaqla bərabər, xüsusilə müsəlman inancına və yaşam tərzinə uyğun xidmətdə maraqlıdır. Son məlumatlara görə, müsəlmanların halal səyahət xərcləri 2016-cı ildə 169 milyard ABŞ dolları, 2017-ci ildə isə müsəlman səyyahların sayı dünya üzrə 131 milyon nəfər (dünya üzrə beynəlxalq səyyahların 11faizi) təşkil edib.

Bölmə iclasları ilə davam edən elmi-praktik konfransda 50-dən çox məruzə dinlənilib.

AZERTAC