“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib

Martın 29-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib.

Konfransın əvvəlində ermənilərin törətdikləri soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə konfransların keçirilməsinin soyqırımı cinayətlərini törədənlərin ifşa olunması və ictimaiyyətin geniş məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Komitənin sədri Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmağın, əsl həqiqətləri dünyaya bəyan etməyin mümkün olduğunu bildirib. O, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verildiyini deyib. Mübariz Qurbanlı son illər erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyətin daha da genişləndiyini, ermənilərə qarşı ideoloji mübarizənin aparıldığını qeyd edib.

Tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən soyqırımı faktları barədə danışan AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov ermənilərin məkrli siyasətinin ifşa olunmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunun olduğunu bildirib. O, Ulu Öndərin son 200 ilin tarixinin yenidən araşdırılması barədə verdiyi göstəriş əsasında Tarix İnstitutunun əməkdaşları tərəfindən dünyanın müxtəlif ölkələrinin arxivlərində aparılan araşdırmaların nəticəsində XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin və qəbiristanlıqların dağıdılması faktlarının sənədlərlə sübuta yetirildiyini deyib.

Milli Məclisin deputatı Elman Nəsirov 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını qeyd edib. Bildirib ki, soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilib. Tarixboyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çeviriblər. Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı bildirib ki, ölkəmizin ərazisində yaşayan, multikultural mühitin tərkib hissəsi olan etnoslar da soyqırımına məruz qalıb. O, son bir əsr ərzində azərbaycanlıların bir neçə dəfə ermənilər tərəfindən soyqırımına məruz qalmasının bu xalqın çirkin niyyətlərinin sübutu olduğunu vurğulayıb. Qeyd edib ki, dövlət səviyyəsində soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsi gələcək hədəflərimizi müəyyənləşdirmək baxımından çox böyük əhəmiyyət daşıyır.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımları erməni şovinizminin əsl mahiyyətini bir daha üzə çıxardı. O qeyd edib ki, ermənilərin torpaq əldə etmək üçün Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilməli, bu vandalizm cəzasız qalmamalıdır.

Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski çıxış ediblər.

Diqqətə çatdırılıb ki, 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalıb. Ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətl edilməsi, etnik təmizləmə siyasəti XX əsrin sonlarında da davam edib. Ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir və erməni vandalizmi cəzasız qalmamalıdır. Hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət ermənilərin “böyük Ermənistan” xülyasını darmadağın edir.

Sonra AMEA Tarix İnstitutunun elmi katibi İradə Əliyeva, institutun “Qarabağ tarixi” şöbəsinin müdiri Gültəkin Nəcəfli, “Azərbaycanın sovet tarixi” şöbəsinin müdiri İlqar Niftəliyev özündə tarixi faktları əks etdirən təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, konfrans çərçivəsində ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı barədə kitablar sərgilənib.

AZƏRTAC