Azərbaycan Dillər Universitetində İsrailin multikulturalizm modeli barədə müzakirələr aparılıb

Noyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzində “İsraildə multikulturalizm modeli və dünya yəhudilərinə qarşı tolerant münasibət” mövzusunda seminar keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin regionşünaslıq kafedrasının baş müəllimi Bəyim Abdulla “İsraildə multikulturalizm modeli” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, İsraildə yaşayan əhalinin 75.4 faizi yəhudi, 16.9 faizi müsəlman, 2 faizi xristian, 1.7 faizi druz və az bir qismi isə Bahai icmasına məxsusdur. İsraildə İslam müsəvi dinindən sonra ikinci geniş yayılmış dindir. 1988-ci ilədək bu ölkədə 80 məscid vardısa, hazırda 73-ü Qüdsdə olmaqla, 400-dək məscid inşa edilib. Təqribən 300 imam və müəzzinin dövlətdən maaş aldığını söyləyən B.Abdulla ölkədəki ərəb məktəb və kolleclərinin dövlət tərəfindən maliyyələşdirildiyini deyib. Diqqətə çatdırılıb ki, İsraildə yaşayan yəhudi, xristian və druzlar kimi müsəlmanların da dini məhkəmələri fəaliyyət göstərir. Müsəlmanlar, həmçinin ölkənin təhsil həyatında da fəal iştirak edir və təhsil almaq hüququndan faydalanırlar. Yəhudilərdən fərqli olaraq, ərəblər üçün hərbi xidmətin məcburi olmadığını deyən B.Abdulla multikultural dəyərlərin kəsişdiyi Qüds şəhərinin önəmindən danışıb. Bildirilib ki, üç böyük din nümayəndələrinin – müsəlmanlar, xristianlar və yəhudilərin müqəddəs hesab etdikləri, dünyanın yeganə dini paytaxtı olan Qüds şəhərində bələdiyyə hər il Ramazan bayramı münasibətilə şəhəri bəzəyir və ictimai yerlərdə bayram şənlikləri təşkil edir. Həmçinin hər gün, iftar və imsak vaxtları şəhərin şərq hissəsində tarixi topdan atəş açılır. İsraildə fəaliyyət göstərən 200-dək muzey burada yaşayan etnik qrupların mədəniyyəti, qorunması və gələcək nəsillərə göstərilməsində önəmli yer tutur.

“Argentina yəhudilərinə qarşı tolerant münasibət” mövzusunda məruzə ilə çıxış edən regionşünaslıq kafedrasının baş müəllimi Nigar Əsgərova 1860-cı illərdən etibarən Argentina hökuməti tərəfindən yəhudi miqrasiyası fikrinin ortaya çıxması və 1904-cü ildə IV Sionist Konqresində Yəhudi evinin qurulması ideyasının yaranmasından danışıb. O, həmçinin 1889-cu ildə 130 yəhudi ailəsini gətirən gəminin Buenos-Ayresə gəlməsi, bununla da ilk dəfə yəhudi kənd təsərrüfatı müstəmləkəsinin qurulmasından bəhs edib. Diqqətə çatdırılıb ki, 1900-cü ildə Buenos-Ayresdə Yəhudi İşçi Birliyi hərəkatı, xeyriyyə mətbəxi, işədüzəltmə idarələri, bir sıra qəzet və teatr kollektivi təsis edilib. Erkən Avropa yəhudilərinin və II Dünya müharibəsindən sonra yəhudilərin məskunlaşma prosesi və tarixindən söz açan N.Əsgərova 1992-ci ildə Buenos-Ayresdə İsrail səfirliyinin qarşısındakı terror aktını, 1994-cü ildə isə bu şəhərdə Argentina-İsrail Birgə Assosiasiyası qarşısında avtomobilə qoyulmuş partlayıcı qurğunun partladığını xatırladıb. Bu ölkədə əsasən aşkinazlardan olan 250 mindən çox yəhudinin yaşadığını söyləyən N.Əsgərova qeyd edib ki, Argentina hökuməti yəhudilərə rəsmi olaraq Poş xa Şana, Yom-Kimppur kimi yəhudilərin müqəddəs bayramlarında, həmçinin Pesaxın ilk iki və son iki günü işləməməyə icazə verir. Argentinada çoxlu sinaqoq, yəhudi təşkilatı, 70-ə yaxın yəhudi təhsil mərkəzinin fəaliyyət göstərdiyini deyən N.Əsgərova əlavə edib ki, 2000-ci ildə Holokostu xatırladan park açılıb.

Regionşünaslıq kafedrasının müəllimi Mehparə Tajdehibonab Şərqi Avropada, xüsusilə Macarıstanda məskunlaşan yəhudilərə qarşı tolerant münasibətdən bəhs edib. O, həmçinin yəhudilərin min ildən artıq dövrdə Macarıstanda yaşamasından, məskunlaşma prosesində üzləşdikləri çətinliklərdən, müharibələrin yəhudilərin yaşam tərzlərinə göstərdiyi təsirlərdən danışıb. Qeyd edilib ki, Macarıstanda II Dünya müharibəsindən əvvəl yəhudilərlə bağlı qanunlar 1938-ci ildə qəbul edilib və 1939-cu ildə yəhudilərin orduda xidmət göstərmələri qadağan olunub. M.Tajdehibonab 1941-ci ildə yəhudiləri “Davud ulduzu” simvolunu taxmağa məcbur edən qanun, yəhudilərin Polşadakı ölüm düşərgələrinə qatarlarla göndərilmələri, II Dünya müharibəsi dövründə yaşanan hadisələr barədə də danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

AZƏRTAC