Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə gələn Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkələrdəki filial rəhbərləri ilə görüşüb.
Görüşdə BBMM-in icraçı direktoru Azad Məmmədov, Mərkəzin müşaviri Aytən Qəhrəman, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və sədr müavini Gündüz İsmayılov da iştirak ediblər.
BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysberger, Moskva filialının rəhbəri Nataliya Krasovskaya, Lissabon filialının rəhbəri Teresa Damasio, Yekaterinburq filialının rəhbəri Aleksandr Nesterov və başqaları iştirak etdikləri V Bakı Beynəlxalq Humanitar Forumu haqda təəssüratlarını bölüşüb, gələcəkdə Azərbaycan multikulturalizm modelinin mütərəqqi bir model kimi dünyada təbliği istiqamətində görəcəkləri işlər barədə danışıblar.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən filialların bir-biri ilə sıx əlaqədə olması və qarşılıqlı informasiya mübadiləsi haqda aparılan müzakirələrdə müəyyən bir sabit əlaqə platformasının yaradılması qərara alınıb. Xaricdə Azərbaycan multikulturalizmini öyrənən və yaratdıqları Azərbaycanın Gənc Dostları Klubu ilə fəaliyyətlərini daha da sistemləşdirən gənclərin filiallararası münasibətlərin daha sıx qurulmasına da yardım edə bilmək imkanlarının ortaya çıxarılması, onların bu istiqamətdə fəaliyyətinin stumullaşdırılması üçün layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Dövlət müşaviri Kamal Abdullayev və komitə sədri Mübariz Qurbanlı hər bir filial rəhbərinə bu istiqamətdə atılacaq addımlarda davamlı dəstək olacaqlarını bildiriblər və onlara Azərbaycan multikulturalizminin və tolerantlığının dünyada təbliği işində göstərdikləri fəaliyyətlərinə görə təşəkkür ediblər.
AZƏRTAC