Sofiyada “Azərbaycanda multikulturalizm” mövzusunda “dəyirmi masa” təşkil olunub

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda multikulturalizm” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbiri açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitresku dünyada multikulturalizm ideyasının tarixi barədə məlumat verdikdən sonra Azərbaycanda mövcud olan multikultural mühitə dair məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda multikulturalizm həm cəmiyyətin dünyagörüşündən irəli gələn dəyərdir, həm də ümummilli lider Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və cəmiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək geniş mənada multikulturalizm anlayışının insanların fərqli dini, etnik, mədəni, irqi mənsubiyyətə malik olmalarının dəyərləndirilməsi, tanınması və təşviqindən ibarət olduğunu qeyd edib. Bir çox ölkələrdə irqçilik və ksenofobiya meyillərinin gücləndiyini təəssüflə qeyd edən səfir bunun müxtəlif mədəniyyətlər arasında təmasların qurulmasına ciddi maneə törətdiyini diqqətə çatdırıb. Tarixən multikulturalizmin Azərbaycan mədəniyyətinin məxsusi cəhəti olduğunu xatırladan diplomat Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu vurğulayıb. Müsəlman aləmində ilk dünyəvi demokratik dövlətin 1918-ci ildə məhz Azərbaycanda yarandığını vurğulayan səfir hələ həmin dövrdə dini, etnik mənsubiyyəti, cinsi və irqindən asılı olmayaraq, bütün vətəndaşlara səsvermə hüququnun verildiyini bildirib.

Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunduğunu qeyd edən N.Qurbanova hazırda ölkəmizdə müsəlman, xristian, yəhudi və digər icmaların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O qeyd edib ki, 2008-ci ildə müxtəlif ölkələrin mədəniyyət nazirləri, icma nümayəndələri və mədəniyyət xadimləri arasında beynəlxalq platforma rolunu oynayan “Bakı prosesi”nə start verilib. Səfir ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyini, aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı ilə birgə Bakıda VII Qlobal Forumun keçiriləcəyini, bununla yanaşı, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu və il ərzində Azərbaycanda və xaricdə çoxsaylı beynəlxalq tədbirlərin təşkil olunacağını “dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Qergina Dvoretska Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışaraq, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb. O, əminlikdə söyləyib ki, Azərbaycandakı tolerantlıq mühiti regionda çətin vəziyyətə baxmayaraq qorunub saxlanacaq.

Humanitar Forumun digər iştirakçısı, dirijor Kiril Lambov ölkəmizdə milli azlıqlara göstərilən diqqətdən danışıb. O, Azərbaycanda milli azlıqların məskunlaşdığı bir sıra bölgələrə səfər etdiyini və onlara münasibətdə heç bir fərqin qoyulmadığının şəxsən şahidi olduğunu bildirib.

Bolqarıstanın ölkəmizdəki sabiq hərbi attaşesi Trifon Trifonov dünyada cərəyan edən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə artmaqda olan antisemitizm fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və mehriban şəraitdə yaşamalarının, dini etiqad azadlığından yararlana bilmələrinin təqdirəlayiq olduğunu qeyd edib.

Daha sonra beynəlxalq multikulturalizm qış və yay məktəblərinin iştirakçısı olan bolqar tələbələr multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən Azərbaycan kimi bir ölkə ilə yaxından tanış olmalarından böyük şərəf hissi keçirdiklərini vurğulayaraq, ölkəmizlə bağlı təqdimatla çıxış ediblər.

Tədbirin sonunda Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə milli geyimlərimiz hədiyyə edilib.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya