Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq multikulturalizm mövzusunda mütəmadi seminarlar keçirilir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan: bir multikulturalizm nümunəsi” mövzusunda keçirilən növbəti seminarda dini və etnik icmaların nümayəndələri, H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri və Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər.
Tədbirdə muzeyin xarici əlaqələr şöbəsinin elmi işçisi Əli Fərhadov “Azərbaycanın multikulturalizm nümunəsi”, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu “Azərbaycan multikulturalizminin təbliğində “Multikulturalizm” jurnalının rolu” mövzularında mühazirə oxuyublar.
Liseyin tarix müəllimi Sevil Nəsibova bu kimi tədbirlərin məktəblilərin maariflənməsində əhəmiyyətini vurğulayıb.
Sonra suallar cavablandırılıb.
AZƏRTAC