Azərbaycan müasir dövrdə dünyanın multikurturalizm mərkəzi kimi tanınır

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanda multikulturalizm və mədəni müxtəlifliyin turizmin inkişafına təsiri” mövzusunda respublika elmi konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, ATMU-nun rektoru vəzifəsini icra edən, dosent Eldar Aslanov Azərbaycanın müasir dövrdə dünyanın multikurturalizm mərkəzi kimi tanındığını söyləyib. Qeyd edilib ki, respublikamız bu sahədə bir çox ölkələrə nümunə göstərməkdədir. Dünyanın onlarla ali təhsil müəssisəsində “Azərbaycanın multikulturalizm modeli” fənn kimi tədris planlarına daxil edilib.Tədbirin təşkilinin məqsədi müasir dövrdə tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən işlərə nəzərən multikultural dəyərlərin qorunmasına xidmət edən daha mükəmməl modelin və aparılan tədqiqatların təbliği mexanizmini hazırlamaq, mədəni-etnik müxtəlifliyin dövlətçiliyin inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib həyata keçirməkdir.

Konfransın plenar iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, dosent Zaur Bağırov “Müasir dünyada insan kapitalı anlayışı”, ATMU-nun şöbə müdiri, dosent Nəsirulla Nəsirli “Kadr hazırlığı prosesində multikultural dəyərlər” mövzularında məruzələrlə çıxış ediblər.

Bölmə iclaslarında “Azərbaycan xalqlar dostluğu - tolerantlığa nümunədir (1970-1980-ci illər tarixşünaslığının təhlili)”, “Azərbaycanın sosial – iqtisadi inkişafında turizmin fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin tolerantlıq prinsipləri və erməni problemi”, “Azərbaycanda dinlərarası tolerantlıq”, “Multikultural cəmiyyət: mahiyyəti və xüsusiyyətləri”, “Tolerant və multikultural xalq”, “Beynəlxalq münasibətlərdə kommunikasiya” və digər mövzularda məruzələr dinlənilib.

  AZƏRTAC