Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşkilatçılığı ilə Almaniyanın Drezden şəhərində “Azərbaycanda dinlərarası harmoniya: İslam və lüteranlıq” mövzusunda “dəyirmi masa” keçirilib.
Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Saksoniyanın deputatları və konfessiya rəhbərləri, Drezden Universitetinin professor və müəllim heyəti, kitabxanasının rəhbərliyi, ictimaiyyət nümayəndələri, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli, ölkəmizdə fəaliyyət göstərən Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova iştirak ediblər.
Əvvəlcə Xocalı qətliamı nəticəsində şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBMM-in Drezden filialinin rəhbəri Birgit Vaysgerber iyirmi beş il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı aktını bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirib. O, Xocalı faciəsinin dəhşətləri haqqında “dəyirmi masa” iştirakçılarına məlumat verərək terrorun daim tolerantlığa və multikulturalizmə böyük zərbə vurduğunu söyləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu qətliama yönəltməyin vacibliyini vurğulayıb.
Nicat Məmmədli Azərbaycanda mövcud olan konfessiyalararası harmoniyadan, multikulturalizmin Azərbaycan modelindən və bunun dövlət siyasətində prioritet elan olunmasından söz açıb.
Vera Nesterova ölkəmizdə bütün dinlərə eyni ehtiramın göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib: “Azərbaycanda bütün dinlər tarixən bir ailə şəklində mövcuddur. Bu ölkədə yaşayan alman əhalisi tərəfindən lüteran kilsəsinin əsası qoyulub. Azərbaycanda hazırda Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələri saxlanılır. Prezident İlham Əliyev 2016-cı il 30 avqust tarixli “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğının, ümumiyyətlə, ölkəmizdə tolerantlıq, multikulturalizm siyasətinin bariz təzahürüdür”.
AZƏRTAC