Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində növbəti təqdimatı olub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu günlərdə “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunub. Mühazirədən öncə BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyev layihə haqqında məlumat verərək deyib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi-coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırma nəticələrini geniş auditoriyaya, ilk növbədə respublikanın təhsil ocaqlarına çatdırmaq məqsədilə bu layihəni həyata keçirir. Bu layihə çərçivəsində mütəmadi olaraq “dəyirmi masa”lar, mühazirələr, təqdimatlar və görüşlər təşkil ediləcək”.

Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tanınmış tarixçi Nazim Mustafa təqdim edib. Mühazirəçi bildirib ki, Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında eramızdan əvvəl V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində yazıb. Eramızdan əvvəl I əsrdə yazıb-yaratmış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 dildə danışan yerli alban soyundan olan udilərin adını qeyd edib: “Udilər tarixin mürəkkəb, keşməkeşli mərhələlərini yaşamışlar. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeydə alınan udilər öz identikliyini qoruyub saxlaya bilmişlər. Artıq bu dövrdə udilərin süni şəkildə erməniləşməyə məruz qalmaları prosesi başlanıb. Belə ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri bağlandıqdan sonra Azərbaycan torpaqlarına İran və Osmanlı imperiyalarından 120 mindən artıq erməni köçürülüb, həmin ermənilərin bir qismi keçmiş Gəncə xanlığının ərazində olan udi kəndlərində yerləşdirilib, Azərbaycan üçün arzuolunmaz demoqrafik proseslər başlanıb. Bu dövrdə miqrasiya prosesləri ilə paralel olaraq, udilərin bir hissəsi etnosidə məruz qalıb. Bu siyasəti davamlı olaraq bilavasitə erməni-qriqorian kilsəsi yeridib. “Böyük Ermənistan” xülyasını məqsədyönlü şəkildə həyata keçirməyə çalışan erməni-qriqorian kilsəsi udiləri assimilyasiyaya məruz qoyaraq, Qafqaz Albaniyasının maddi-mədəni irsinə yiyələnə bilib, Alban Apostol Kilsəsinin arxivlərini ələ keçirib. Yelizavetpol quberniyasında yaşayan udilərin erməniləşdirilməsi XX əsrin əvvəllərində daha sürətlə gedib ki, bu da bölgədə baş verən sosial-siyasi proseslərlə bağlı olub”.

Nazim Mustafa auditoriyanın diqqətinə çatdırıb ki, sovet hakimiyyəti illərində gedən proseslər nəticəsində Gəncə arealında yaşayan udilərin bir qismi keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib, Ermənistan SSR ərazisində qalan udilər isə digər milli azlıqlar kimi assimilyasiyaya uğrayaraq erməniləşiblər: “Hazırda erməniləşmiş udilərin bir hissəsi Ermənistan Respublikasının Şəmşəddin (indiki Berd) rayonunun Noraşen və Arcvaberd (keçmiş Qırğı) kəndlərində məskunlaşıblar”.

Məruzəçi mühazirənin sonunda hazırda Azərbaycan dövlətinin Qafqaz Albaniyasının maddi-mədəni irsinin qorunması, Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin mühafizə edilməsi, onların mədəniyyətinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər haqqında da ətraflı məlumat verib.

Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.


AZƏRTAC