AMEA-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı olub

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə multikulturalizmin ölkəmizdə dövlət siyasətinin ən önəmli istiqamətlərindən biri olduğunu söyləyib, Azərbaycanda multikulturalizm sahəsində görülən işlərdən söz açıb. Bildirilib ki, Azərbaycanda multikultural dəyərlərin çox qədim tarixi vardır. Ölkəmiz tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycandakı multikulturalizm modeli dünyaya nümunədir.

Akademik kitabın Azərbaycan multikulturalizmini dünyaya təqdim etmək baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hazırda ölkəmizdə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli haqqında söz açaraq bu modeli dünyaya təqdim etməyin zamanının gəlib çatdığını bildirib. Akademik Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğunu diqqətə çatdırıb. Multikulturalizmin Azərbaycan modelinin tarixi-milli dəyərlər, tolerantlıq və azərbaycançılıq prinsiplərindən ibarət olduğunu, burada azərbaycançılıq prinsipinin xüsusi önəm daşıdığını qeyd edib. Alim dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqinin gözəl nəticələr verə biləcəyini bildirib.

AMEA-nın vitse-prezidenti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını yüksək qiymətləndirib, nəşrin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib. Qeyd edilib ki, Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət müstəvisində öyrənmək üçün bu kitab çox mükəmməl bir mənbədir. Ən qədim zamanlardan başlayaraq XX əsrin əvvəllərinə qədər böyük bir dövrün folklor abidələrinin və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu kitabda böyük mütəfəkkirlərimizin insanların birgə yaşayışı, etnik mənsubiyyətindən asılı olmayaraq cəmiyyətdə başlayan dialoqlar, qarşılıqlı etimad, hörmət, həmrəylik haqqındakı çağırışları, dahiyanə fikirləri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında öz əksini tapıb. Bu kitab Azərbaycan ədəbiyyatının bütün əsrlər boyu humanizm mövqeyində dayandığını, insanpərvərlik, ədalət carçısı, birlik-bərabərlik ideyalarının təbliğatçısı olduğunu çox aydın şəkildə göstərir.

AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov kitabı Azərbaycan ədəbiyyatının multikultural dəyərlər mənzərəsinin uğurlu göstəricisi, eyni zamanda bu sahədə ilk sanballı mənbə kimi səciyyələndirib. Bildirilib ki, akademik Kamal Abdullayevin ideya müəllifliyi və ciddi elmi redaktorluğu, AMEA alimlərinin yaxından iştirakı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb çap elədiyi bu kitab ciddi ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq və siyasətşünaslıq faktıdır. Kitab ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmi ilə bağlı irəli sürdükləri fikirləri təsdiqləyən çox dəyərli nəşrdir.

Tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktorunun müavini, professor Məmməd Əliyev, Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi Elsevər Səmədov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində kitabın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Hazırda bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, paralel olaraq “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab hazırlanır. Bu üç istiqamət faktiki olaraq Azərbaycan xalqının əsrlər boyu canında, qanında, beynində, fəaliyyətində, işində yaşatdığı əməllərin bariz nümunəsidir. Kitabların yazılmasına, hazırlanmasına bizi cənab Prezidentin bu sözləri ilhamlandırıb: “Multikulturalizm Azərbaycan xalqına əsrlərdən bəri xas olan bir dəyərdir”. Bu geniş mənalı, dərin nəzəri ümumiləşdirməyə biz bu cür cavab verməyə çalışdıq. Həqiqətən də həm ədəbi-bədii, həm elmi-fəlsəfi-ictimai-publisistik, həm də tarixi və hüquqi müstəvidə bizim dünyaya göstərə biləcəyimiz örnəyimiz var. Kitabda əlamətdar olan odur ki, bizim bir çoxumuzun tanıdığı, bildiyi, hətta yaxşı öyrənib tədqiq etdiyi şair və yazıçıların yaradıcılığı tamam yeni bir rakursdan görünməyə başladı. Bizə tanış qəzəllər, misralar, nəsr parçaları, ədəbi-bədii nümunələr bir yerdə sanki başqa cür işıq saçdı. Onları bir yerdə görmək, eyni zamanda Azərbaycan oxucusunun, xüsusən gənclərin beynində, qəlbində belə bir fikri daha da dərinləşdirdi ki, bizim əcdadlarımızın canında, qanında bu ideyalar həmişə yaşayıb və bu gün də onlar bizə doğmadır. Bu kitab vasitəsilə biz bir sıra şairlərimizi tamamilə başqa rakursda gördük. Ən əsas məsələ ondan ibarət idi ki, hər şairin yaradıcılığının fonunda onun öz dövrünün ab-havası, nəfəsi duyulur, multikultural-ictimai kardioqramması çəkilir. Əlbəttə ki, bu kitab Azərbaycanın multikultural vizit kartı kimi hazırda ingilis və rus dillərinə tərcümə edilir. Kitabla tanış olan insanların fikrinə görə, gələcəkdə italyan və alman dillərinə tərcüməsinə də ehtiyac var. Bu kitab və adını çəkdiyim seriyadan olan digər kitabların da gələcəkdə daha dolğun nəşrlərini hazırlamağı nəzərdə tutmuşuq. Çünki ilk dəfədən bütün spektri əhatə etmək mümkün deyil. Bəzi müəlliflərin yaradıcılığı həm birinci, həm də ikinci kitabda müvafiq istiqamətdə öz əksini tapıb. Nitsşenin bir sözü var: “Səhra böyüyür”. Bu kitab səhranı böyüməyə qoymayanların kitabıdır”.

Sonda akademik K.Abdullayev kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fondunda saxlanılan, mövzu ilə bağlı elmi və bədii ədəbiyyatın yer aldığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı sərgiyə baxış keçirilib.

AZƏRTAC