Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasında (ETL) “XVIII əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda dini müxtəliflik və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Multikulturalizm ETL, ADU YAP ilk ərazi təşkilatı, universitetin Qafqazşünaslıq və tarix kafedrası və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Multikulturalizm ETL-in müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə keçirilən tədbirdə Tarix Muzeyinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Qacarlar dövründə dini müxtəliflik və multikulturalizm”, muzeyin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Rəhman Kərimov “XIX əsrin əvvəllərində Rusiya-İran münasibətləri”, Qafqazşünaslıq və tarix kafedrasının müdiri dosent Qorxmaz Mustafayev “XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni millətçiləri tərəfindən xalqımızın çoxəsrlik multikultural ənənələrinə xələl gətirmək cəhdləri”, həmin kafedranın əməkdaşı dosent Şəlalə Bağırova “XX əsrin əvvəllərində Şimali Azərbaycanda mədəni müxtəliflik” mövzularında məruzə ediblər. Məruzələrdə tariximizin son dərəcə maraqlı səhifələri, tarixi faktlar bu günün tələbləri işığında təhlil edilib.
Maraqlı müzakirələrin aparıldığı dəyirmi masada müəllim və tələbi heyəti fəal iştirak edib. Çıxışçılar sualları cavablandırıb, mövzularla bağlı iştirakçılara geniş məlumat veriblər.
AZƏRTAC