Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Müstəqilliyin bərpası və Azərbaycan multikulturalizmi” mövzusunda onlayn seminar keçirilib.
BBMM-dən AZƏRTAC-a bildirilib ki, seminar Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi (1991-2021) münasibətilə təşkil olunub.
Mərkəzin Analitika şöbəsinin müdiri Rəşad İlyasovun moderatorluğu ilə keçən tədbirdə ölkəmizdə fəaliyyət göstərən milli azlıqların və dini icmaların nümayəndələri, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən BBMM-nin icraçı direktoru Rəvan Həsənov 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixinə nəzər salıb, bütövlükdə Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi şərəfli yoldan danışıb. R.Həsənov xüsusi vurğulayıb ki, ölkəmiz bu əlamətdar tarixi - müstəqilliyin bərpa olunmasının 30-cu ildönümünü böyük qürurla bütöv Azərbaycan kimi qeyd edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etməsi, bu şanlı Qələbənin tarixi əhəmiyyəti və yaşanan qürur tədbirdə çıxış edən digər iştirakçıların da məruzələrində özünü büruzə verib.
Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai fənlər kafedrasının dosenti Yaşar Əhmədov “Müstəqilliyin tarixi əhəmiyyəti”, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aysel Bağırova “Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafı”, ADU-nun Psixologiya kafedrasının müdiri, dosent Şəlalə Babayeva “Azadlığın sosial-psixoloji xüsusiyyətləri”, Beynəlxalq münasibətlər kafedrasının doktorantı Aynur İsayeva isə “Azərbaycan diasporunun formalaşması və onun İkinci Qarabağ müharibəsində rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri professor Aytən Qəhrəman, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Protoiyerey Mefodiy Əfəndiyev, “Azərbaycan-Ukrayna Konqresi” İctimai Birliyinin sədri Yuriy Osadçenko, “Azərbaycan-Avar” İctimai Birliyinin sədri Məhəmməd Nooyev, “Samur” Ləzgi Mərkəzinin sədri İmran Rzayev çıxış edərək Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən danışıblar.
AZƏRTAC