Cenevrədə multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans keçirilib

İsveçrənin Cenevrə şəhərində multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans keçirilib.

Cenevrə şəhərində geniş qeyd olunan “Sülh həftəsi” çərçivəsində “Palais des Nations” sarayında yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib.

Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.

“Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi” adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.

Tədbirdə qeyd olunub ki, dini və etnik zəmində yaranan münaqişələrlə qarşılaşan müasir dünyanın getdikcə gərginləşən və qütbləşən təbiətini nəzərə alaraq, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm modelindən nümunə kimi istifadə olunmalıdır. Qədim zamanlardan bəri azərbaycanlılar təbiətcə tolerant olub və hazırda multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Azərbaycan hökuməti digər təşkilatlarla yanaşı, BMT-nin Mədəniyyətlərarası Alyansı (UNAOC), UNESCO və Avropa Şurasının dəstəklədiyi Bakı Beynəlxalq Humanitar forumları və Mədəniyyətlərarası Dialoq üzrə dünya forumlarının təşkilatçısı olub.

Bakı, həmçinin Avropa Olimpiya Komitələrinin himayəsi altında keçirilmiş “Bakı–2015” birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq və çoxmədəniyyətli tədbirlərə ev sahibliyi edib.

Sonra Azərbaycanın multikulturalizm və dinlərarası dialoqunu əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Daha sonra çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin beynəlxalq münasibətlər departamentinin direktoru Nicat Məmmədli Florensiyada yerləşən Avropa Universitetinin professoru Roy Olivierdən sitat gətirərək deyib: “Bu gün Azərbaycan hələ də qarışıq məscidlərin olduğu, şiə və sünnilərin birlikdə ibadət etdiyi yeganə ölkədir.

Azərbaycanda dini tolerantlığın tarixi bizim eranın beşinci əsrinə gedib çıxır. Həmin vaxt yəhudilərə sığınacaq verilmiş, Zərdüştlük dövründən sonra xristianlıq Qafqaz Albaniyasının dövlət dini olmuşdur. Burada müsəlman azərbaycanlılar və xristian gürcülər birgə dualar edir. Dövlət dəstəyi ilə yeni yəhudi sinaqoqu və katolik kilsəsi inşa edilib.

Azərbaycanda İslamın interpretasiyası sufizm üzərində qurulub ki, bu da sevgi, qardaşlıq və ümumi insanlıq ruhuna hörmət ehtiyacını vurğulayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə baxmayaraq, Bakıda yerləşən erməni kilsəsi hələ də yerindədir və Azərbaycan dövləti tərəfindən restavrasiya edilib”.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter öz çıxışında qeyd edib ki, dünyəviliyin Azərbaycan modeli və onun sülhpərvər dinlərarası dialoq təcrübəsi, xüsusilə qloballaşma və günümüzün təhlükəsizliyə dair qlobal risklər kontekstində, nadir və uğurlu bir model kimi nəzərdən keçirilməlidir.

Təmsil etdiyi təşkilatın Avropa və Azərbaycanda dini tolerantlıq və multikulturalizmə dair həyata keçirdiyi layihələr haqqında məlumat verən L.Zetter 2016-cı ildə “Dördgünlük müharibə” zamanı azad edilmiş Cocuq Mərcanlı qəsəbəsinə səfəri barədə danışıb. O, qəsəbənin yenidən qurulması üçün görülən işlərdən, insanların doğma yurdlarına böyük həvəslə qayıdışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Lionel Zetter deyib: “Bu gün BMT-də bu mövzuda danışmaqdan şərəf duyuram. Amma unutmamalıyıq ki, BMT Təhlükəsizlik Şurası 24 il əvvəl erməni işğalını qınayan dörd qətnamə qəbul edib və bunlar hələ də yerinə yetirilməyib. Münaqişənin həll ediləcəyi təqdirdə, azərbaycanlılarla ermənilər yenidən yanaşı yaşaya bilərlər”.

Roma Sapienza Universitetinin tədqiqatçısı Dr. Daniel Pommier Vinçelli qeyd edib ki, Azərbaycan Demokratik Respublikasının (ADR) nümayəndələri beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması üçün yorulmadan çalışırdılar. O dövrdə Dağlıq Qarabağ Ermənistanın tərkibində deyildi.

Vinçellinin sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağın onun yurisdiksiyasına “geri döndüyünü” bildirməyi yanlışdır. Bu vəziyyət 1960-cı illərin ortalarında Ermənistanda etnik milliyətçiliyin baş qaldırdığı zaman meydana çıxıb. Bu, 1980-ci illərin sonlarında, Sovet İttifaqının uçurumun kənarında dayandığı bilindikdə aydın olub.

BMT-nin Parlamentlərarası İttifaqının (IPU) Parlament Nümayəndələri və Xarici Əlaqələr üzrə direktoru Anda Filip Bakıya səfəri zamanı zəngin tarixi keçmişə söykənən ənənə və müasirliyin vəhdət təşkil etməsindən təsirləndiyini bildirib. Diplomat deyib ki, Azərbaycanda müxtəlifliyə və bərabərliyə dərin hörmət var. Əhalinin bütün təbəqələri özlərini tam ifadə etmək hüququna malikdir və ayrı-seçkilik yoxdur.

BMT-nin İnsan Hüquqları və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru Idris Jazairi 2017-ci ildə Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirib. Prezident qeyd edib ki, müxtəliflik təhlükədədir. Dünyada artmaqda olan ksenofobiya, diskriminasiya, irqçilik, islamofobiya və antisemitizm kimi meyillər çox təhlükəlidir. Dünya siyasətçiləri bunlara çox böyük diqqətlə yanaşmalıdırlar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Müzakirələr zamanı Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq modelinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə biləcək vasitə olduğu vurğulanıb.

AZƏRTAC