2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi ötənilki “Multikulturalizm İli”nin məntiqi davamıdır. Bu, eyni zamanda, Azərbaycanın İslam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini, ölkəmizin İslam dünyasının vəhdətinə verdiyi önəmi göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfransda səsləndirilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi münasibətilə təşkil olunan tədbirdə dini icmaların sədrləri, din xadimləri, imam və axundlar, gənc dindarlar, eləcə də universitetin müəllim və tələbələri iştirak edib.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, İslam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasındakı rolunun, dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətinin, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi məqsədilə Dövlət Komitəsi regionlarda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfranslar keçirir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizənin, dindarlar, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviq olunmasıdır. O bildirib ki, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin İslam dünyasının birliyinə verdiyi böyük önəmin göstəricisidir: "İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Lakin dövlətimizin başçısı İlham Əliyev tarixdə ilk dəfə olaraq, İslam dünyasına mesaj ünvanlayaraq, vahid mövqedən çıxış etməyin və birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə edib".
Qeyd edilib ki, ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli"nin təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəmi var. Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtlik gətirmir. “Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlərdir. Yaxın Şərqdə baş verən hadisələr də bunu açıq şəkildə sübuta yetirir. İslamın əsl mahiyyətini Azərbaycan öz təqdimatında bütün dünyaya çatdırmağa cəhd göstərir. Təəssüflər olsun ki, bu gün maraqlı dairələr İslamı terroru dəstəkləyən din kimi qələmə verirlər. Halbuki İslamda dinc və günahsız insanın ölümü bəşəriyyətin ölümü kimi qiymətləndirilir”, - deyə Gündüz İsmayılov vurğulayıb.
Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev çıxışında bildirib ki, Azərbaycan hər zaman İslam həmrəyliyi prinsipindən çıxış edib. İslam hər kəsi terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməyə dəvət edir. O bildirib ki, bu il Azərbaycanda 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək və 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan edilib. 2016-cı ildə ölkəmizə axın edən turistlərin əksəriyyəti də məhz müsəlman ölkələrinin vətəndaşlarıdır. Bu ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın müsəlman dünyasında nümunəvi ölkə olduğunu bir daha sübut edir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “İslam həmrəyliyi: müasir çağırışlar”, Mingəçevir Dövlət Universitetinin müəllimi İlhamə İsmayılova “İslam ideologiyasının psixoloji aspektləri”, müəllim Üzeyir Zeynalov “Sivilizasiyaların inteqrativ münasibətləri və dialoqunda İslam dininin yeri və rolu”, Tələbə Gənclər Təşkilatının sədri Rəşad Qurbanov “Azərbaycanda gənc nəsil mütərəqqi İslam mədəniyyətinin daşıyıcısıdır” mövzusunda məruzə edib. Çıxışlarda bildirilib ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması, bütövlükdə, İslam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıyır. Dünyada artıq uzun illərdir ki, məqsədyönlü şəkildə islamofobiya hökm sürür, islam ölkələrinin əleyhinə kampaniya aparılır. Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamofobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq və bunun üçün də həmrəylik nümayiş etdirmək lazımdır.
Şahnəzər Bəşirov
AZƏRTAC