Noyabrın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Multikultural cəmiyyətdə dil amili” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov mövzunun aktuallığını qeyd edib. O deyib: “Azərbaycan dilinin inkişaf tarixinə baxdıqda görünür ki, bu dil müxtəlif dövrlərdə bəzən türk dili, bəzən tatar dili, bəzən Azərbaycan türkcəsi və nəhayət, Azərbaycan dili adlanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dəyərlərdən biri də Azərbaycan dilinin qorunub saxlanılması, bu dilin məhz Azərbaycan dili adlanması ilə bağlıdır. Ziyalılarla görüşlərdə Ulu Öndər təkid edirdi ki, bu dilin Azərbaycan dili adlandırılması çox vacibdir. Çünki dil Azərbaycanın müstəqilliyinin atributudur, bizləri birləşdirən, ümumiyyətlə, bir xalqın mövcudluğunu şərtləndirən ən mühüm əlamətlərdəndir”.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Ulu Öndərin azərbaycançılıq ideyasının formalaşmasında misilsiz xidmətlərdəndir. Ümummilli Liderin bu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamlar, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman bir daha onu göstərir ki, Azərbaycan dili qloballaşma şəraitində dünya dilləri arasında öz yerini tutmalıdır.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı deyib ki, Azərbaycan dili Qafqazda və Yaxın Şərqdə xalqlar arasında tarixən ünsiyyət vasitəsi rolunu oynayıb. Bu gün Azərbaycan dilində 50 milyondan çox insan danışır. Azərbaycan dili dünya dilləri içərisində özünəməxsus yeri olan, inkişaf etmiş və bugünkü səviyyədə siyasi, diplomatik, elmi, ədəbi dil kimi formalaşmış dildir. Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan dilinə son dərəcə diqqətlə və həssaslıqla yanaşıb. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edilib. Bu, son dərəcə böyük tarixi və siyasi hadisə idi. Bu fakt Ümummilli Liderin Azərbaycan dilinin statusuna hələ sovet dövründə də nə qədər böyük önəm verdiyini göstərir. Ulu Öndərin Azərbaycan dilinə diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Baş məsləhətçi deyib ki, böyük inkişaf yolu keçən Azərbaycan dili multikultural dəyərlərin yaşadığı, demokratik birgəyaşayış ənənələrinə əsaslanan vahid cəmiyyətin formalaşmasında müstəsna rol oynayıb.
AMEA-nın Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, “Etnoqlobus” portalının rəhbəri Gülnarə İnanc, BBMM-in baş məsləhətçisi Tofiq Abbasov, Mərkəzin şöbə müdiri Yadigar Məmmədli, məsləhətçisi Billurə Aslanova və digərləri çıxışlarında ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə ciddi önəm verməsindən, bu dilin öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilimizin təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. Mühüm əhəmiyyət kəsb edən bu Fərman, eyni zamanda, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, fonetik, leksik və qrammatik qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasında böyük rol oynayacaq. Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılmasının bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Həmçinin bildirilib ki, 2001-ci il avqustun 1-dən etibarən ölkəmizdə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu faktın özü ulu öndər Heydər Əliyevin dilimizə və zəngin mənəvi dəyərlərimizə göstərdiyi böyük diqqət və qayğının əyani təsdiqidir. Bu, dost türk dövlətlərinin də marağına səbəb olub. Məsələn, bu ilin əvvəlində Qazaxıstanda da latın qrafikasına keçid baş tutub. Prezident Nursultan Nazarbayevin Fərmanı ilə qardaş ölkə beynəlxalq birliyə mədəni inteqrasiyasını bir qədər də sürətləndirmək üçün kompleks tədbirlərin gerçəkləşməsinə qərar verib. Qardaş qazax xalqı da anlayır ki, müasir dövrdə zamanın tələbləri ilə uyğunlaşmaq vacibdir. Təsadüfi deyil ki, dünyanın aparıcı ölkələri sırasında olan Çin, Yaponiya və digərləri öz yüksək texnologiyalı məhsullarını dünya bazarına latın qrafikalı nişan və reklam yazları ilə çıxarır. Bu, onu göstərir ki, Azərbaycanın keçdiyi yolu müəyyən bir dövrdən sonra digər müsəlman türk dövlətlərı də davam etdirirlər. Bu prosesdə Azərbaycan yenə də örnək rolunu oynayır və qardaş ölkələrə layiqli yol göstərir. Bizim dövlətimizin proqressiv və gələcəyə yönəlmiş addımları qlobal sistemdə öncül rol oynayır və bu da ölkənin beynəlxalq imicini zənginləşdirir.
AZƏRTAC