Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi uğurlar bütün dünyada diqqətlə izlənilir

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının İslami İşlər Nazirliyinin Avropa, Amerika və Avstraliya departamentinin rəisi Fəhd əl-Sliheri və həmin nazirliyin konfransların və sərgilərin təşkili departamentinin rəisi, doktor Zeyd əl-Dakkan dekabrın 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşlər. 

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə A. Paşazadə Səudiyyə Ərəbistanının azərbaycanlı zəvvarların həcc və ümrə ziyarətlərinin təşkilinə hərtərəfli kömək etdiyini söyləmişdir. Bildirilmişdir ki, zəvvarlarımız müqəddəs torpaqda daim hörmət və qayğı ilə əhatə olunurlar. 

Azərbaycanda dövlət-din münasibətlərinə toxunan şeyxülislam vurğulamışdır ki, bu sahədə əldə olunan uğurlar digər dövlətlər üçün nümunə ola bilər. Azərbaycan Prezidenti tərəfindən din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı üçün mühüm işlər həyata keçirilir, qədim məscidlər, ziyarətgahlar təmir və bərpa olunur, yeniləri tikilib istifadəyə verilir. 

Fəhd əl-Sliheri bildirmişdir ki, Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi uğurlar bütün dünyada diqqətlə izlənilir. O, Qafqaz regionunda sülhün və sabitliyin bərpa olunması üçün göstərdiyi səylərə görə A. Paşazadəyə təşəkkürünü bildirmişdir. 

Daha sonra qonaq Kəbə evi ətrafında aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verərək diqqətə çatdırmışdır ki, bu işlər başa çatdıqdan sonra həcc vaxtı Məkkəyə gələn insanların sayını 5-6 milyona çatdırmaq mümkün olacaqdır. 

Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Düsəri iştirak etmişdir. 

Sonda qonaqlar şeyxülislama müqəddəs “Qurani-Kərim”in nəfis şəkildə çap olunmuş nüsxəsini hədiyyə etmişlər.

 AZƏRTAC