İsmayıllıda “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, şimal-qərb regionu üzrə dini icmaların sədrləri, habelə yerli və respublika əhəmiyyətli qəzetlərin baş redaktorları iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş sərgi ilə tanışlıq olub.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfransı açaraq, Azərbaycanda tarixən müxtəlif millətlərin, dini-etnik icmaların nümayəndələrinin dinc və mehriban şəraitdə yaşadığını bildirib. Diqqətə çatdırılıb ki, hazırda Xaçmaz, Quba, Qusar, Qəbələ, İsmayıllı, Qax, Lənkəran, Gədəbəy və digər rayonların timsalında multikultural ənənələr daha da inkişaf etdirilir.

Vüqar Səfərli Fondun maliyyə yardımı ilə bir sıra qəzetlərdə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hər il 600 səhifəyədək layihə materialının, habelə fərdi jurnalist yazıları müsabiqələri çərçivəsində çoxsaylı yazıların dərc edildiyini vurğulayıb.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, “Multikulturalizm ili” çərçivəsində İsmayıllıda həyata keçirilən layihələrdən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir" adlı məruzəsində ölkəmizdə multikultural dəyərlərin tarixi inkişaf mərhələlərinə nəzər salıb.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi” və “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev “Multikultural dəyərlərin təşviqində medianın rolu” mövzusunda məruzə ediblər.

Etnik dini icmaların və ictimaiyyətin nümayəndələrindən İvanovka kənd tam orta məktəbinin tarix müəllimi Nadejda Jabina, Qalacıq inzibati ərazi dairəsi üzrə nümayəndə Təbriz Eminov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı-Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev, Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Dadaş Əliyev, “Cümə” məscidinin axundu Elnur Yusifov, din xadimi Ağakərim Novruzov çıxış edərək tolerantlığın və multikulturalizmin İsmayıllıda və ətraf bölgələrdə tarixən mövcudluğu barədə məlumat verib, Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətin təbliği və təşviqi istiqamətində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

Qonaqlar və konfrans iştirakçıları rayonda yeni açılmış Bilik Evi və Multikulturalizm Mərkəzi ilə də tanış olublar.


AZƏRTAC