İyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Bəhai dini icmasının birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi və bəhailik” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra dini icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycan dövlətinin multikulturalizm siyasəti haqqında məlumat verib və Mərkəzin ötən beş il ərzində həyata keçirdiyi layihələr barədə danışıb. İcraçı direktor Azərbaycan rəhbərliyinin bu sahəyə xüsusi diqqət ayırdığını vurğulayıb.
Rəvan Həsənov dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bu faktın mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri deyib: “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb. O, Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq bu dəyərlərin ölkəmizdə əsrlərdir mövcud olduğunu qeyd edib. Ölkəmizin tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malik olduğunu diqqətə çatdıran natiq Azərbaycan multikulturalizminin siyasi banisinin ümummilli lider Heydər Əliyevin olduğunu bildirib və əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət dövlət səviyyəsində uğurla davam etdirilir.
Azərbaycan Bəhai dini icmasının rəhbəri Ramazan Əsgərli icmaya göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkürünü bildirib. R.Əsgərli qeyd edib ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində bir çox Azərbaycan ziyalılarının yaradıcılığında babilik və bəhailik dini cərəyanlarının tədqiqi mövzusu geniş yer tutur. Vurğulanıb ki, bu mütəfəkkirlərin babiliyə və bəhailiyə baxışı Azərbaycan tarixşünaslığı baxımından çox əhəmiyyətlidir.
Konfransda daha sonra Dini Qurumlarla İş üzrə Komitənin şöbə müdiri Nahid Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili və digərləri çıxış edərək qeyd ediblər ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixboyu öz mədəniyyətini qoruyub və inkişaf etdirib. Azərbaycan xalqı digər mədəniyyətlərə və millətlərə münasibətdə tolerantlıq, mehribanlıq nümayiş etdirir. Azərbaycan dövləti bu mədəniyyəti qorumaq üçün geniş şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Azərbaycanlılar zəngin və qədim mədəniyyəti olan sülhsevər insanlardır. Çıxışlarda, həmçinin müxtəlif insanların inanclarının yerinə yetirməsinə yaratdıqları şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ifadə edilib və dini icmaların bu əlverişli şəraitdən yararlandığı və cəmiyyətimizin inkişafına töhfələrini verdiyi bir daha vurğulanıb.
AZƏRTAC