Xarici jurnalistlər Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıblar

Aprelin 12-də ABŞ və İtaliyadan olan jurnalistlərlə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə qonaqlara Azərbaycan həqiqətləri, ölkəmizdəki multikultural, tolerant mühit barədə ətraflı məlumat verib.

Şeyxülislam qeyd edib ki, keçmiş SSRİ dövründə Azərbaycanda cəmi 18 məscid var idi, insanların sərbəst şəkildə ibadət etmələrinə icazə verilmirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində böyük xidmətlər göstərib. Bu siyasəti bu gün Prezident İlham Əliyev əzmlə davam etdirir. Hazırda ölkəmizdə iki min məscid fəaliyyət göstərir.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən QMİ sədri qeyd edib ki, ermənilər işğal etdikləri torpaqlarımızda tarixi, dini abidələrimizi, məscidlərimizi dağıdıblar.

Allahşükür Paşazadə deyib ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri birgə yaşayırlar və bu ölkədə heç vaxt ayrı-seçkilik hallarına rast gəlinməyib. Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli” elan etməsi bu həmrəyliyi, birliyi daha da möhkəmləndirib. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Xarici jurnalistlər ölkəmizdəki tolerantlıq mühitinin təqdirəlayiq olduğunu bildiriblər.

Sonra qonaqların sualları cavablandırılıb.

 AZƏRTAC