Fransa yəhudi icmasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan multikultural birgəyaşayış diyarı: Antisemitizmə qarşı olan müsəlman millət” mövzusunda təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, “Multikulturalizm ili” çərçivəsində təşkil olunan tədbir Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Səid Musayevin təşəbbüsü ilə keçirilib.
Fransada fəaliyyət göstərən Valiske Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizə ilk dəfə səfər edən geniş nümayəndə heyəti həmin assosiasiyanın direktoru Andre Kosmicki, Sorbon Universitetinin professoru Arianne Bendavid və icmanın 40-dan çox üzvündən ibarətdir.
Təqdimatda Azərbaycanın multikulturalizm modeli və xalqımızın multikultural ənənələri barədə ətraflı məlumat verilib. Sonra Azərbaycan iqtisadiyyatı, ölkəmizin zəngin mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, habelə Azərbaycan-İsrail strateji tərəfdaşlığı barədə qonaqların sualları cavablandırılıb.
AZƏRTAC