BDU-da “Ümummilli liderimiz və Azərbaycanda multikulturalizm modeli” mövzusunda tədbir

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Heydər Əliyev muzeyinin təşkilatçılığı ilə “Ümummilli liderimiz və Azərbaycanda multikulturalizm modeli” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirib ki, Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıb. Çoxmillətli ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Respublikamızda tolerantlıq və multikulturalizm mühitinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə nümunədir.

BDU-nun Heydər Əliyev muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Afət Seyidzadə, fəlsəfə üzrə fəlsəfə doktoru Aygün Xəlilqızı, Kimya fakültəsinin TGT sədri Əli Qədirli, III kurs tələbəsi Aysel Məmmədova çıxışlarında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən bəhs ediblər.

Çıxışlarda Azərbaycanda multikulturalizm ənənələrinin qorunması və inkişafında Heydər Əliyev Fondunun xüsusi rol oynadığı vurğulanıb.

AZƏRTAC