Federiko Renzi: Azərbaycan multikulturalizm sahəsində nümunəvi modelə sahibdir

İyulun 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasında “İtaliya və Braziliyanın multikulturalizm modelləri” adlı tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Braziliyanın Darsi Ribeiro Universitetinin professoru Leila Bexos, İtaliyanın Sapienza Universitetinin doktoru, türkoloq Federiko Renzi və digər qonaqlar iştirak ediblər.

Professor Leila Bexos bildirib ki, səfərinin əsas məqsədi Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini araşdırmaq, Azərbaycanın multikulturalizm modelini daha dərindən mənimsəməkdir. Qonaq Azərbaycanın bu sahədə xeyli inkişaf etdiyini deyib. Leila Bexos əlavə edib ki, Azərbaycan multikulturalizmi ilə bağlı artıq xeyli məlumat toplayıb və burada öyrəndiklərini ölkəsində tətbiq etmək niyyətindədir.

İtaliyadakı multikulturalizm mühitindən söz açan türkoloq Federiko Renzi Azərbaycanın multikulturalizm sahəsində nümunəvi modelə sahib olduğunu deyib. F.Renzi Azərbaycan dövlətinin bu istiqamətdəki addımlarını yüksək qiymətləndirib.

Tədbirdə qeyd edilib ki, Azərbaycan multikulturalizm ölkəsi kimi bütün dünyada tanınır. Azərbaycanın multikulturalizm modeli bir çox ölkələr üçün nümunədir.

AZƏRTAC