Beynəlxalq elmi seminarda multikulturalizmin Azərbaycan modeli müzakirə edilib

Fevralın 4-də Misir Ərəb Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən təşkil olunan tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutu, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən birgə reallaşdırılıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli multikulturalizm dəyərlərinin Azərbaycan modeli barədə danışıb. İ.Həbibbəyli Prezident İlham Əliyevin “Bu gün multikulturalizm Azərbaycanda həyat tərzindən dövlət siyasəti səviyyəsinə qədər inkişaf etmişdir” fikrini xatırladıb. Hazırda dünyada yaşanan miqrant probleminə və tolerantlıq hallarının pozulması məsələsinə toxunan İ.Həbibbəyli artıq multikulturalizmin Azərbaycan modelini dünyaya təqdim etməyin vaxtının çatdığını vurğulayıb. AMEA-nın vitse-prezidenti carı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamın bu istiqamətdə mühüm addım olduğunu söyləyib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov ölkəmizdəki multikultural mühitdən danışıb, multikulturalizmin dövlət siyasəti və eyni zamanda, həyat tərzimiz olduğunu bildirib. E.Nəcəfov ölkəmizdə dinlərarası dialoqun inkişafında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin fəaliyyətini xüsusi qeyd edib.

Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysam Camal, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ölkəmizdəki multikulturalizm mühiti barədə danışıblar. Multikulturalizmin dövlət siyasətinə çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən natiqlər bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb. Azərbaycan dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır.

Ş.Hüseynzadə, G.Məlikova 
AZƏRTAC