Dnepr şəhərində Azərbaycan multikulturalizminə həsr edilmiş tədbir keçirilib

“Dnepropetrovskaya politexnika” Milli Texniki Universitetində fəaliyyət göstərən Ukrayna-Azərbaycan mədəni işgüzar mərkəzində “Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biridir. Azərbaycanda etnik və dini müxtəliflik” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Dnepropetrovsk vilayəti Azərbaycanlılar Konqresi (DVAK) çıxış edib.

“Dnepropetrovskaya politexnika” Milli Texniki Universitetində fəaliyyət göstərən Ukrayna-Azərbaycan mədəni işgüzar mərkəzinin direktoru, filologiya elmləri namizədi, dosent Gennadi Onişşenko tədbiri açaraq, tələbələrin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə və Azərbaycan multikulturalizm konsepsiyasının öyrənilməsinə, BBMM-in beynəlxalq proqramlarında iştiraka böyük maraq göstərməsini vurğulayıb. G.Onişşenkonun sözlərinə görə, bu universitet azərbaycanlı tərəfdaşları ilə sıx əməkdaşlıq edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marına Qonçaruk Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoq, Azərbaycan multikulturalizm konsepsiyası və BBMM-in layihələri barədə tələbələrə məlumat verib. O qeyd edib ki, tələbələr belə layihələr çərçivəsində keçirilən mühazirələr, fakültativ məşğələlər, Bakıda beynəlxalq multikulturalizm məktəbləri vasitəsilə Azərbaycan multikulturalizmi barədə daha çox məlumat əldə edə biləcəklər. Marına Qonçarukun sözlərinə görə, BBMM Ukrayna gəncləri üçün yeni imkanlar yaradılmasına xüsusi diqqət yetirir və bunun sayəsində tələbələr Azərbaycanın dünya miqyasında unikal multikulturalizm mərkəzlərindən biri olması barədə daha çox öyrənə biləcəklər.

Dnepropetrovsk vilayəti Azərbaycanlılar Konqresinin rəhbəri Nəcəf Əhmədov gənclər üçün nəzərdə tutulan layihələr, habelə DVAK-ın fəaliyyəti barədə məlumat verib. Belə layihələrdən biri də “Dnepropetrovskaya politexnika” Milli Texniki Universitetində Ukrayna-Azərbaycan mədəni işgüzar mərkəzinin açılmasıdır. Burada müntəzəm olaraq Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafına yönəlmiş tədbirlər keçirilməsini vurğulayan N.Əhmədov gələcək layihələr və tədbirlər barədə anons verib.

“Dnepropetrovskaya politexnika” Milli Texniki Universitetinin kafedra müdiri, professor, iqtisad elmləri doktoru Marina Paşkeviç Azərbaycan mövzusuna həsr edilmiş müsabiqələrdə tələbə gənclərin fəal iştirakı, onların mədəniyyətlərarası dialoqu öyrənməyə marağı barədə söhbət açıb. Onun sözlərinə görə, Azərbaycan haqqında, Ukrayna-Azərbaycan münasibətləri barədə biliklərini dərinləşdirmək istəyən tələbələr çoxdur, onlar Bakıda keçirilən beynəlxalq multikulturalizm məktəblərində iştirak məsələsi ilə maraqlanırlar.

Tələbələr Azərbaycan multikulturalizmi və BBMM-in proqramları barədə dəqiqləşdirici suallar verib, Ukrayna-Azərbaycan layihələrində iştirak etmələri barədə danışıblar.

Marına Qonçaruk universitetə Azərbaycan haqqında və Azərbaycan multikulturalizmi mövzusunda ədəbiyyat təqdim edib.

Tədbirdə “Dnepropetrovskaya politexnika” Milli Texniki Universitetinin tələbələri və müəllimləri, habelə DVAK nümayəndələri iştirak ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Dnepr