Nyu-Yorkun “Times Square” meydanında “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgi keçirilmişdir

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgi bir həftə ərzində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatında sərgilənmişdir.

Fotosərgidə Heydər Əliyev Fondunun “Azərbaycan – tolernatlıq ünvanı” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sərgi çərçivəsində Nyu-Yorkun məşhur “Times Square” meydanında işıqlandırılan reklam panellərindən birinin üzərində “BMT-nin Sivilizasiyalar Alyansı və Heydər Əliyev Fondu: “Azərbaycan - tolerantlıq məkanı” Rza Deqatinin təqdimatında” yazısı əks etdirilmişdir.

“Times Square” meydanı Nyu-York şəhərinin hər gün yüz minlərlə turistin ziyarət etdiyi ən məşhur yerlərindən biridir.

Bu, müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən ilk sərgidir.

 

AZƏRTAC