Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Azərbaycanın multikulturalizm siyasətindən və ənənələrindən, bu istiqamətdə qazanılan nailiyyətlərdən danışıb. İ.Fəhmi Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin, həmçinin ölkəmizdə yaşayan digər millətlərin və xalqların hüquqlarının və adət-ənənələrinin qorunmasında multikulturalizmi vacib sahələrdən biri kimi dəyərləndirdiyini diqqətə çatdırıb.

Sonra AYB-nin sədri Anar qurumda multikulturalizm məsələləri üzrə işin icrasını tanınmış şair Xatirə Fərəcliyə həvalə etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

X.Fərəcli Ümummilli Liderin ömür yolundan bəhs edərək onun ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə təmkinin itirməyən və dəqiq, mühüm qərarlar verən bir lider olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edib və fəaliyyətinin bütün sahəsində olduğu kimi, multikulturalizm sahəsində də nəinki Azərbaycana, hətta dünya siyasətinə öz töhfələrini verib.

Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra digər çıxışlar olub.

Tədbirdə çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, tarix elmləri doktoru, professor, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir, Azərbaycan Milli Konservatoriyasının Humanitar fənlər kafedrasının müdiri Firudin Qurbansoy, AYB-nin kadrlar şöbəsinin sədri Arifə Əliyeva, İsrail-Azərbaycan Şahdağ Təşkilatının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri İsmayıl Zalov, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili və digərləri Ulu Öndərin həyatı və fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanın dünyada multikulturalizm və tolerant ölkə kmi tanındığını vurğulayıblar.

AZƏRTAC