Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Mərkəzdən AZƏRTACa bildirilib ki, fənnin xarici ölkə universitetlərində ilk monitorinqi Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəz Universitetində professor Möhsün Nağısoylu tərəfindən aparılıb.
Monitorinq zamanı dərsin gedişi ilə tanış olan M.Nağısoylu, eyni zamanda, “Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda mühazirə oxuyub. O, Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu, buna görə də Azərbaycandakı kimi Türkiyə də tolerantlıq ənənələrinin, multikultural dəyərlərin xüsusi önəm daşıdığını vurğulayıb. Həmçinin tariximizdə, taleyimizdə, baxış bucağımızda və inanclarımızda bir çox ortaq nöqtələrimiz olduğuna görə Azərbaycan multikulturalizmi fənninin tələbələr üçün çox vacib olduğunu söyləyib. Tələbələr bu fənnin materiallarının onların gələcək fəaliyyəti üçün lazım olacağını bildirib və Azərbaycan multikulturalizmi fənninin onlar üçün çox maraq doğurduğunu söyləyiblər. Mövzu ətrafında geniş diskussiya aparılıb. Dərsdə fənnin tədris edildiyi magistrlardan başqa Ərciyəz Universitetinin ədəbiyyat və tarix fakültələrindən 50-dək tələbə və müəllim iştirak edib.
Azərbaycan multikulturalizmi fənni Ərciyəz Universitetinin ədəbiyyat və sosial elmlər fakültələrində təhsil alan magistrlara cari dərs ilinin ilk semestrindən etibarən tarix üzrə fəlsəfə doktoru, dosent Qafar Mehdiyev tərəfindən tədris edilir.
AZƏRTAC