Şəkidə dini icmalar üçün ikigünlük regional konfransın işi yekunlaşıb

Şəkidə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusundakı ikigünlük regional konfrans yekunlaşıb.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın ikinci günü bir sıra maraqlı məruzələrlə yadda qalıb.

Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi fəlsəfə doktoru Rafiz Manafovun moderator olduğu "İslam radikalizmi və onun təhlükəli təzahürləri"adlı plenar iclasda ilk olaraq Bakı İslam Universitetinin, Zaqatala şöbəsinin müəllimi fəlsəfə doktoru Asəf Qənbərov “İslamda radikalizmin yaranma səbəbləri: tarixi və müasir aspektlər" mövzusunda çıxış edib. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov “İslam radikalizminin təhlükəli təzahürləri ilə mübarizədə mötədillik əsas prinsip kimi” mövzusunda məruzəni təqdim edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılovun aparıcılıq etdiyi "Ənənəvi İslam dəyərləri və çağdaş problemlər" adlı planer iclasda daha bir neçə maraqlı mövzu konfrans iştirakçılarının müzakirəsinə təqdim edildi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov: “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov: “Şimal-Qərb bölgəsində ənənəvi İslam”, Bakı İslam Universitetinin, Zaqatala şöbəsinin müəllimi fəlsəfə doktoru Vüqar Səmədov “İrfan məktəbi - ənənəvi İslamın bərpası” adlı məruzələrlə çıxış etdilər.

Konfransın sonuncu plenar iclası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın moderatorluğu ilə baş tutdu. İclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov “Ənənəvi dəyərlərin təbliğ olunmasında dini icmaların yeri və rolu”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov “Şimal-Qərb bölgəsində dini icmaların fəaliyyəti: imkanlar və perspektivlər”, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov “Din icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə” mövzularında çıxış etdilər.

Konfransın bağlanış mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran iki gün davam edən konfransın işini dəyərləndirərək konkret mövzularda edilən məruzələri və aparılan müzakirələri yüksək qiymətləndirdi. O, qeyd etdi ki, bu konfranslarda məqsəd tək maarifləndirmə deyil, həm də dini icmaların təşkilatlandırılması və təlimatlandırılmasıdır. Din xadimləri bu konfransda səsləndirilən fikirləri və irəli sürülən təklifləri yerlərdə həyata keçirməlidirlər.

http://www.scwra.gov.az