Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə müxtəlif xristian dini icmaların rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.
Konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Koreya, Çin və digər Asiya mənşəli icmalara, həmçinin Latino icmasına məxsus kilsələrin rəhbərləri, din xadimləri, müxtəlif xristian təşkilatlarının liderləri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə baş konsul Nəsimi Ağayev çıxış edərək xristianlığın ölkəmizdəki qədim tarixi barədə məlumat verib. O, bu gün Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər, eləcə də digər etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən danışıb.
N.Ağayev qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər tutaraq əsasını qoyduğu müasir Azərbaycan bu gün artıq beynəlxalq aləmdə özünəməxsus, mütərəqqi model kimi qəbul olunur. Baş konsul vurğulayıb ki, hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsi və inkişaf etdirilməsi üçün dinlərarası qarşılıqlı etimadın möhkəmləndirilməsinə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayırır.
Baş konsul Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb. O, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib. N.Ağayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsla dini xarakter daşımadığını, yalnız və yalnız Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları nəticəsində meydana gəldiyini vurğulayıb.
Sonra ABŞ-ın Koreya icmasının rəhbərlərindən biri Heypin İm çıxış edərək Azərbaycanın dinlərarası münasibətlər və multikulturalizm sahəsindəki uğurları ilə bağlı fikirlərini bölüşüb. O, bu il keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini bildirib, bu tədbirdə Azərbaycan modeli ilə birbaşa tanış olmaq fürsəti qazandığını vurğulayıb. Qeyd edib ki, əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan Azərbaycan beynəlxalq sülh üçün açar rolunu oynayır.
Daha sonra Latino xristian icması adından din xadimləri Uolter Contreras, Xose Pepe Cabayero və digərləri çıxış edərək müxtəlif etnik mənşəyə, məzhəblərə mənsub xristian icmalarının Azərbaycanın mütərəqqi modeli ətrafında bir araya gətirilməsini əlamətdar hadisə adlandırıblar. Dünyada təlatümlü proseslərin getdiyi bir zamanda Azərbaycan nümunəsinin daha yaxından öyrənilməsinin dinlərarası qarşılıqlı anlaşmanın əldə edilməsi baxımından çox faydalı ola biləcəyini deyiblər.
Tədbirdə, həmçinin Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Tolerantlıq diyarı Azərbaycan” filmi nümayiş olunub.
Sonda həm Asiya, həm də Latino icmalarının din xadimləri tərəfindən Azərbaycanın tolerant və multikultural dəyərlərə sadiq bir dövlət kimi daha da güclənməsi, çiçəklənməsi üçün dualar oxunub.
AZƏRTAC