“Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir” mövzusunda növbəti kurs təşkil edilib

Dekabrın 28-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir” mövzusunda növbəti kurs təşkil edib.

AZƏRTAC YAP-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanın dünyada multikulturalizmin məkanı kimi tanındığını və ölkəmizdə bu dəyərlərə böyük önəm verildiyini diqqətə çatdırıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Azərbaycanda multikulturalizmin tarixi qədimdir, müxtəlif xalqlar tarixən burada mehriban şəraitdə yaşayıblar. Bu faktlar yaradıcı insanların da əsərlərində öz əksini tapır.

Azərbaycanın multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biri olduğunu vurğulayan S.Fətəliyeva deyib: “Multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. “Multikulturalizmin Azərbaycan modeli” və ya “Azərbaycan multikulturalizm modeli” kimi terminlər siyasi leksikona, elmi ədəbiyyata daxil edilib.

Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim edib”.

Məruzəçi söyləyib ki, multikulturalizmin Azərbaycanın dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü bir sıra əsas məqamlarda göstərir. Bunlar ölkəmizdə dini azadlıqların təmin edilməsi, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olması, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsi və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasıdır. Azərbaycan Respublikası multikulturalizm siyasəti vasitəsilə ölkə daxilində olan etnik-mədəni müxtəliflikləri tənzimləyərək bu müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına nail olub. Bu, demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir. Ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri görmək istəməyən, ona münasibətdə ikili standartlar siyasətini yürüdən bəzi Qərb dövlətləri Azərbaycandan yüzilliklər ərzində formalaşmış tolerantlıq, dini dözümlülük və multikulturalizm təcrübəsini əxz etsəydi, pis olmazdı.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizm üçün əlverişli tarixi və coğrafi şəraitin mövcudluğu, müasir dövrdə onun dövlət siyasəti olması və xalqın həyat tərzinə çevrilməsi onun ölkənin daxili və xarici siyasətinə müsbət təsir göstərməsində büruzə verir. Multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinə təsiri özünü cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasında büruzə verirsə, onun ölkəmizin xarici siyasətinə təsiri özünü etnik-mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafında göstərir. Bu isə öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün münbit zəmin yaradır.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

AZERTAC