Azərbaycanın multikultural modeli dünya ölkələri üçün nümunədir

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın multikultural mədəniyyət tarixindən” mövzusunda seminar təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə reallaşdırılan tədbirdə müvafiq qurumların nümayəndələri, tələbələr və məktəblilər iştirak ediblər.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, seminarda bu qurumun elmi işçisi Əli Fərhadov Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb.

Ə.Fərhadov multikulturalizm və İslam həmrəyliyinə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra “Azərbaycanın multikultural modeli” mövzusunda məruzə dinlənilib. Məruzədə tarix boyu ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli dinə mənsub olanların qardaşcasına birlikdə yaşadıqları vurğulanıb.

Alban-udi xristian dini icmasının sədri Robert Mobili “Azərbaycanda udi mədəniyyəti və alban (Qafqaz) kilsəsinin bərpası tarixindən” mövzusunda məruzə ilə çıxış edib. O, alban-udi xristian dini icmasının dövlətimizin qayğısı ilə fəaliyyət göstərdiyini söyləyib.

Roma Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik Azərbaycanda həyata keçirilən multikultural siyasət nəticəsində burada müxtəlif dini icmaların təmsilçilərinin birlikdə mehriban yaşadıqlarını, bunun dünya ölkələri üçün nümunə olduğunu bildirib.

AZƏRTAC