Cenevrədə keçirilən forumda Azərbaycanda milli azlıqlar üçün yaradılmış şəraitdən danışılıb

İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin təşkilatçılığı ilə 30 noyabr-1 dekabr tarixlərində “Azlıqlara aid olan gənc nəsil: inklüziv və müxtəlifliyi ehtiva edən cəmiyyətlərə doğru” mövzusunda azlıqların məsələləri üzrə 10-cu forum keçirilib.

2008-ci ildən bəri hər il keçirilən bu forum 1992-ci il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları üzrə Bəyannamə”nin həyata keçirilməsi məqsədilə təşəbbüs, imkan, çağırış və ən yaxşı təcrübələrin müəyyən edilməsi və təhlili üçün platforma rolunu oynayır.

AZƏRTAC xəbər verir ki, forumun builki sessiyalarında ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və daimi nümayəndəliyin ikinci katibi Emin Aslanov təmsil ediblər.

Noyabrın 30-da keçirilən “Azlıqlara aid olan gənc nəslin hüquqlarını və imkanlarını genişləndirmək məqsədilə inklüziv təhsil” sessiyasında Etibar Nəcəfov çıxış edərək Azərbaycanın multikulturalizm siyasətindən, ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan söhbət açıb. O, bu siyasət çərçivəsində Azərbaycan hökumətinin ölkəmizdə azlıqlara aid olan gənc nəslin ana dilində təhsil almaları üçün yaratdığı geniş şəraitdən və imkanlardan danışıb. Etibar Nəcəfov bu sahədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələri də tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Forumun dekabrın 1-də keçirilmiş “Rəqəmsal əsrdə azlıqlara aid olan gənc nəsil və kütləvi informasiya vasitələri: qəbuletmə və imkanlar” adlı sessiyasında çıxış edən Etibar Nəcəfov internet və rəqəmsal kommunikasiyanın digər vasitələrindən istifadə edilməsi sahəsində Azərbaycanda geniş imkanların olduğunu qeyd edib. Bildirib ki, rəsmi statistikaya əsasən, hazırda Azərbaycan Respublikasının hər 100 vətəndaşından 77-si internet istifadəçisidir. Müasir dövrdə ölkəmizdə internetin belə geniş yayılması milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin həll edilməsi, həmçinin onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etmələri üçün əlverişli şərait yaradır.

AZƏRTAC