Sentyabrın 2-də Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü başa çatıb.
Mübadilə görüşünün üçüncü - sonuncu panel iclası “Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi” mövzusunda olub.
Panel iclasın moderatoru, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin prezidenti Jan-Mari Heydt Azərbaycan tərəfinə belə görüşün təşkilinə görə dərin təşəkkürünü bildirib. O, 2010-cu ildə Bakı Forumunda dini təşkilatların rəhbərlərinin iştirak etdiyini və fəal şəkildə dialoq aparıldığını xatırladıb. Diqqətə çatdırıb ki, bu gün dünyada baş verən münaqişələrin dini kökləri olduğu halda abidələr uçulur, məhv edilir. Bütün bunlar qarşımızda böyük vəzifələr qoyur və Avropa Şurası son illər məhz mədəniyyətlərarası dialoqa aid bir sıra sənədləri tərtib edib.
İclasda dini mədəni irsin mədəniyyətlərarası dialoqa təsiri müzakirə edilib.
Yunanıstanın Aristotel Universitetinin ilahiyyat üzrə professoru Angeliki Ziaka dini məzmunlu mədəni irsin uzun illərdir ki, tədqiq olunduğundan söhbət açıb. Diqqətə çatdırıb ki, mədəni irsin qorunması və təşviqi məqsədilə Avropa Şurasının üzv dövlətlərinin konsepsiyası əsasında təkliflər hazırlanıb. Dini məzmunlu mədəniyyətin mədəniyyətlərarası dialoqa töhfəsi, bu töhfənin araşdırılması, tarixən bu istiqamətdə əldə edilmiş təcrübəni özündə əks etdirən siyasi sənədlərin hazırlanması, üzv dövlətlərin müvafiq sahədə təcrübə mübadiləsi, gənclərin bu işə qoşulması vacib amillərdəndir. Nəinki qədim mədəni irsin, yeni dövrə aid irsin qorunması və təşviqi də bütün üzv dövlətlərə tövsiyə edilib.
Ölkələrdə dini, etnik münaqişələrin hələ də davam etdiyini təəssüflə qeyd edən Angeliki Ziaka vurğulayıb ki, din vətəndaş cəmiyyətinin daim ayrılmaz hissəsi olaraq qalacaq və bu işdə fəaliyyət göstərən təşkilatlar prosesdən kənarda qalmamalı, elmi araşdırmaları ilə öz töhfələrini verməlidirlər.
UNESCO-nun Özbəkistan üzrə təmsilçisi Krista Pikkat Bakıda Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün təşkilinə görə UNESCO-nun baş direktoru İrina Bokovanın adından Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib. Mədəni irsin qorunması və təşviqi ilə bağlı UNESCO-nun mövqeyini diqqətə çatdıran qonaq qeyd edib ki, qlobal sülhün qorunmasında xalqların iştirakı vacibdir. Xalqların isə milli-mənəvi dəyərləri, xüsusilə dini azadlığı nəzərə alınarsa, onlar qlobal sülhün qorunmasında daha fəal iştirak edərlər.
Sonra çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə müvafiq mövzu ilə bağlı dünyada mövcud olan problemlərlə yanaşı, ölkələrin müsbət təcrübələri də qeyd olunub. Diqqətə çatdırılıb ki, Bakının mədəniyyətlərarası dialoqa dair forumların, dini liderlərin sammitlərinin davamlı olaraq keçirildiyi ünvana çevrilməsi təqdirəlayiq nümunədir.
Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün bağlanış mərasimində Avropa Şurasının Demokratiya, Avropa Quruculuğu və dinlər qrupunun vitse-prezidenti Gabriel Nissim, İnsan hüquqları və kommunikasiya üzrə icraçı katib, Belçikadan Avropa Kilsələr Konfransının kilsə və cəmiyyət komissiyasından Elizabeta Kitanoviç, Strasburq şəhərinin ravvini Mendel Samama iki gün ərzində keçirilmiş üç panel iclasa dair hesabat məruzəsi ilə çıxış ediblər.
Çıxışlarda müzakirələrin məhsuldar keçdiyi, müvafiq problemlərin həllində əməkdaşlığın vacibliyi vurğulanıb.
Daha sonra Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak departamentinin direktoru Jan-Kristof Bas “Mübadilə görüşlərin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi: perspektivlər” mövzusunda məruzəsi ilə yekun mülahizələri bildirib.
Qeyd edib ki, dinlərarası mübadilələr bu gün indiyədək tarixdə görünməyəcək dərəcədə vacibdir. Öz ideyalarını bölüşən natiq Avropa qitəsində ən yaxşı effektiv, mənalı mübadilə yollarının tapılmasına dair təkliflərini irəli sürüb. Vurğulayıb ki, sülh və ahəngdarlıq şəraitində yaşamaq bizim üçün prioritet olmalıdır.
2014-cü il üzrə mübadilə görüşünün həmsədrləri, Slovakiyanın və Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndələri Drahoslav Stefanek və Luis Filip Kastro Mendes tədbirdə müzakirə olunmuş mövzuların aktuallığından bəhs ediblər. Onlar Bakı görüşünün dinlər və mədəniyyətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildiriblər.
AZƏRTAC