Hər il noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu gün münasibətilə Milli Kitabxanada “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası əlaqələrin təbliği məqsədilə hazırlanan virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Tolerantliq_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Virtual sərgidə Beynəlxalq Tolerantlıq Günü haqqında məlumatlar, tolerantlığın Azərbaycan modeli, dövlət siyasətinin əsas prioritetlərindən sayılan birgəyaşayış və multikulturalizm mövzuları haqqında dövri mətbuatda dərc olunan məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
Qeyd edək ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.
Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Prezident İlham Əliyevin bu sahədə uğurlu siyasəti dünyada mükəmməl model kimi qəbul edilir. Dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, habelə ayrı-ayrı beynəlxalq nümayəndələrin iştirakı ilə bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Ölkəmizə gələn dünya dini liderləri (xüsusən qeyri-islam dini liderləri) birmənalı şəkildə təsdiq edirlər ki, Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvi bir ölkədir.
Milli-mənəvi dəyərlərin qorunması və tarixi dini abidələrin bərpası prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində də çoxsaylı layihələr həyata keçirilməkdədir.
Azərbaycan tolerantlığının ən bariz nümunələrindən biri 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində bütün dünyaya bəlli oldu, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan silahlı birləşmələrinə qarşı müharibədə - istər Birinci Qarabağ savaşında, istərsə də İkinci Qarabağ savaşında, demək olar ki, ölkəmizdə yaşayan bütün azsaylı xalqların övladları iştirak etdilər. Dinindən, irqindən, yaşından və cinsindən asılı olmayaraq, azsaylı xalqlara məxsus bütün insanlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına həmrəy oldular, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında Ali Baş Komandana və Ordumuza dəstək verdilər.
AZƏRTAC