Noyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası (ETL) və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə “Auditoriya+” layihəsi çərçivəsində “Müasir Azərbaycan ədəbiyyatında azərbaycançılıq və multikulturalizm” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə, həmçinin tanınmış nasir, publisist, Xalq Yazıçısı Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” kitabının kiril əlifbasından latın qrafikasına keçirilmiş variantının təqdimatı olub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “dəyirmi masa”nın iki vacib mövzunun müzakirəsinə həsr edildiyini və bu mövzular arasında çox ciddi əlaqənin olduğunu bildirib. Qeyd olunub ki, ədəbiyyatımızda azərbaycançılıq və multikulturalizm geniş mövzunu əhatə edir. Multikulturalizm termin kimi dilimizə yeni daxil olsa da, bu anlayış bir məfhum olaraq xalqımızın mədəniyyət tarixindən keçib gəlib və əsrlər boyu Azərbaycan mədəniyyətinin tərkib hissəsi olub. M.İmanov əlavə edib ki, biz multikulturalizmi ən qədim abidələrimizdən izləməyə başlasaq, onun çox parlaq nümunələrini “Kitabi-Dədə Qorqud” dastanında tapa bilərik.
Sabir Əhmədli haqqında fikirlərini bölüşən M.İmanov yazıçının özunəməxsus yaradıcılığının olduğunu söyləyib. Bildirilib ki, yazıçının amalı Azərbaycanı müstəqil görmək idi.
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Dilbər Zeynalova “dəyirmi masa”nın məqsədinin multikulturalizm və azərbaycançılıq anlayışlarını, onlar arasındakı bağlılığı gənclərə izah etmək olduğunu bildirib. Multikulturalizm və azərbaycançılığın ilkin dayaqlarının “Kitabi-Dədə Qorqud”da olduğu, həmin prosesin indi də davam etdiyi vurğulanıb. D.Zeynalova, eyni zamanda, XX əsrin böyük sənətkarlarından olan S.Əhmədlinin “Yasaq edilmiş oyun” kitabının tələbələr tərəfindən kiril əlifbasından latın qrafikasına keçirilmiş variantı haqqında məlumat verib.
Azərbaycanşünaslıq ETL-in baş elmi işçisi, professor Niyazi Mehdi multikulturalizm və azərbaycançılıq ideyalarının mahiyyətindən danışıb, tədbirin tələbələrin maariflənməsi və biliklərinin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, “Yasaq edilmiş oyun” romanı haqqında fikirlərini bölüşüb.
İnteraktiv formada təşkil olunan “dəyirmi masa”da “Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu və Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, yazıçı Qismət Rüstəmov multikulturalizm və milli maraqlar, postmodernizm və multikulturalizm mövzuları, eyni zamanda, yazıçı S.Əhmədli barədə sualları cavablandırıblar.
Görüş müzakirələrlə yekunlaşıb.
AZƏRTAC