Dekabrın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan Dillər Universiteti (ADU) ilə birgə “Azərbaycan və ABŞ multikulturalizm modelləri: müqayisəli təhlil” mövzusunda “dəyirmi masa” keçirib.
BBMM AZƏRTAC-a bildirib ki, ADU-nun İnformasiya-Resurs Kompleksində (İRK) keçirilən tədbirdə ABŞ səfirliyinin, təşkilatçı qurumların nümayəndələri və ADU-nun müəllim və tələbə heyəti iştirak edib.
İRK-in direktoru Şəhla Xudiyeva çıxış edərək rəhbəri olduğu qurumun yaranma tarixindən, fəaliyyətindən söz açıb. Direktor ABŞ və Azərbaycan multikulturalizminin müqayisəli təhlilinə həsr olunmuş “dəyirmi masa”nı əhəmiyyətli addım kimi dəyərləndirib.
ADU-nun tərbiyə işləri üzrə rektoru, professor Ələddin Əliyev multikulturalizmin müasir dövrdə, dünyada gərginlik yaşanan bir vaxtda çox aktual məsələ olduğunu qeyd edib və belə tədbirlərin multikultural ideyaların təbliği və təşviqi istiqamətində görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə edib.
BBMM-in icraçı direktoru, professor Azad Məmmədov ADU-nu multikultural ənənələrin daşıyıcısı olan universitetlərdən biri kimi səciyyələndirib. İcraçı direktor bu universitetin iki əməkdaşının hazırda Portuqaliya və İndoneziyada Azərbaycan multikulturalizmi fənnini tədris etdiyini xatırladıb. Azad Məmmədov deyib: “Müxtəlif ölkələrin multikulturalizm modellərini müqayisə edərkən “pis” yaxud “yaxşı” təyinlərini işlətmək doğru deyil. Belə müqayisələr zamanı fərqlilikləri və oxşarlıqları səciyyələndirmək məqsədəuyğundur. Məsələn, ABŞ multikulturalizmi “Qaynayan qazan” modelini özündə ehtiva edir, Azərbaycan multikulturalizmi modeli isə tarixi ənənələrə söykənir”.
ABŞ-ın Fulbrayt proqramının iştirakçısı Melda Yıldız ABŞ-da təhsilin multikultural aspektlərindən danışıb.
BBMM-in yerli və xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi üzrə İndoneziyanın Qadcah Mada Universitetində sözügedən fənni tədris edən professor Həbib Zərbəliyev “Azərbaycan multikulutralizmi fənninin xarici ali məktəblərdə tədrisi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra professor Rəfail Həsənovun “Amerikada erkən məskunlaşmalar və multikulturalist yanaşmalar”, AMEA-nın aparıcı elmi işçisi Elsevər Səmədovun “Birgəyaşayış fəlsəfəsi: özünütəcriddən harmoniyaya doğru” mövzusunda çıxışları dinlənilib.
Tədbirdə, həmçinin BBMM-in sektor müdirləri Rəşad İlyasov “Azərbaycan multikulturalizminin ədəbi və fəlsəfi qaynaqları”, Sərxanbəy Xudiyev “Multikulturalizm siyasəti təcrübədə” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda Azərbaycan və ABŞ multikulturalizm modellərinin müqayisəli təhlili ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
AZƏRTAC