Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkədir. Ölkəmizdə bütün dinlərə və digər millətlərə mənsub olan insanlara tarixən tolerant münasibət bəslənilib. 15-ə yaxın milli azlığın yaşadığı Balakən rayonu da həmişə tolerantlığı, xalqlar arasında mehribanlığı, qonaqpərvərliyi ilə Azərbaycanda tanınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Gənclər və İdman Nazirliyi tərəfindən dekabrın 22-də Balakən rayonunda keçirilən “Dünyada Azərbaycan tolerantlıq modeli” mövzusunda konfransda səsləndirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayonun rəhbər şəxsləri, ərazidə yaşayan azsaylı xalqların nümayəndələri, şəhid anaları və qazilər, fəal gənclər iştirak ediblər.
Konfransda “Tolerantlıq Azərbaycanda dövlət siyasətinin əsas prioritetidir”, “Gənclər arasında azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi”, “Milli birlik – 44 günlük Vətən müharibəsindəki Qələbənin əsasıdır” mövzularında məruzə və çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, şəhid Nəcməddin Sarkayevin anası Tinay xanım, Vətən müharibəsi qazisi Həmzət Xoçberov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Balakən rayonu üzrə nümayəndəsi Elməddin Atakişiyev çıxış edərək, tolerantlığın Azərbaycan modeli barədə fikirlərini bölüşüblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşmən tapdağı altında olan torpaqlarımızı azad etdilər, böyük Zəfər qazandılar.
Sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan “Biz birlikdə güclüyük” sənədli filmi nümayiş etdirilib.
AZƏRTAC