Ötən həftə Fransanın Strasburq şəhərində Mədəniyyətlərarası Dialoqun Dini Ölçüsü üzrə Avropa Şurasının 2016-cı il mübadilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov təmsil edib.
Xatırladaq ki, 2014-cü ildə bu tədbir Azərbaycanın ev sahibliyi ilə keçirilib.
Builki görüşün ümumi mövzusu “Terrorizmə və zorakı ekstremizmə aparan radikallaşmanın qarşısının alınmasında təhsilin rolu” idi. Bu mövzu çərçivəsində görüş iştirakçıları “Mədəni və dini müxtəliflik kontekstində demokratik vətəndaşlıq” və “Qadınların imkanlarının genişləndirilməsi. Radikallaşmaya və zorakı ekstremizmə qarşı mübarizədə ailənin rolu” kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb, müvafiq təklif və tövsiyələr irəli sürüblər.
E.Nəcəfov tədbirdə çıxış edərək təhsil vasitəsilə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə tolerantlığı təşviq etməklə radikalizmin və zorakı ekstremizmin qarşısını almağın mümkün olduğunu qeyd edib. Buna görə də o, tolerantlıq və multikulturalizm haqqında bilgilərin tədris olunmasının zəruri olduğunu söyləyib. E.Nəcəfov Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsas istiqamətlərindən birinin təhsil vasitəsilə ölkədəki multikultural durumun möhkəmləndirilməsi olduğunu bildirib.
Qeyd edilib ki, bu məsələnin həyata keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi fənninin ölkənin ali təhsil məktəblərində tədris olunması” layihəsi mühüm rol oynayır. Bu layihə çərçivəsində tələbələr multikulturalizmin nəzəri məsələləri ilə yanaşı, Azərbaycan multikulturalizminin ədəbi-bədii, publisistik, fəlsəfi, siyasi-hüquqi qaynaqları, onun ölkənin daxili və xarici siyasətində əks olunması, multikulturalizmin müxtəlif modelləri haqqında biliklər əldə edirlər. Bundan başqa, bəzi tələbələr Azərbaycan multikulturalizminə dair elmi-tədqiqat aparırlar. E.Nəcəfov bu layihənin bəzi xarici ölkələr üçün də əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, bir sıra xarici ölkə universiteti “Azərbaycan multikulturalizmi” fənninin öz universitetlərində tədris olunması ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edib. Artıq 20-yə yaxın xarici ölkə universiteti bu fənni öz tədris proqramlarına daxil edib. Bu universitetlər qeyd olunan fənnin tədris olunması vasitəsilə Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi zəngin və səmərəli təcrübəni öyrənmək istəyirlər.
AZƏRTAC