Strasburqda fəaliyyət göstərən “Elzas-İsrail” Assosiasiyasının təşkilatçılığı ilə Kommunikasiya və Marketinq İnstitutunda yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardonun iştirakı ilə “Azərbaycan - Şərqlə Qərb arasında körpü: Multikulturalizm - Dağ yəhudiləri” adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Elzas-İsrail” Assosiasiyasının sədri Jak Züker rəhbərlik etdiyi assosiasiya tərəfindən Azərbaycanla bağlı belə bir tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb.
J.Kardon Azərbaycana çox saylı səfərlərindən söz açaraq, xoş xatirələrini bölüşüb. Ölkəmizin yerləşdiyi coğrafi məkan barədə ətraflı məlumat verib, ölkəmizin multikulturalizm və tolerantlıq modelinin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb. O, Azərbaycanla bağlı məlumatların Fransa ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edərək bu tədbirin də məhz həmin məqsədlə təşkil olunduğunu diqqətə çatdırıb. Azərbaycanda yaşayan yəhudi icması haqqında geniş məlumat verən fransız yazıçı ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin mehriban ailə kimi yaşamasından söz açıb, ölkəmizdə müxtəlif dinlərə, onların nümayəndələrinə, dini ənənələrinə hörmətlə yanaşıldığını, onların mədəni irsinin qorunub saxlandığını qeyd edib.
Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov təşkilatçılara belə mühüm təşəbbüsə görə öz minnətdarlığını bildirib. Ölkəmizin qədim dini tolerantlıq və multikulturalizm ənənələrindən söz açan səfir F.İsmayılov Azərbaycanda tarixən müxtəlif dinlərin və xalqların dinc və qarşılıqlı ehtiram şəraitində yanaşı yaşadıqlarını, onların münasibətlərində yüksək harmoniyanın mövcudluğunu və bunun dövlət tərəfindən hərtərəfli şəkildə təşviq olunduğunu diqqətə çatdırıb.
Tədbirə qatılmış Strasburq merinin yerli demokratiya, vətəndaş iştirakı və təşəbbüsləri üzrə müavini Karol Zelenski belə vacib tədbirdə iştirak etməsindən məmnunluğunu bildirərək, bugünkü qlobal gərginlik şəraitində tolerantlıq, multikultural dəyərlər, müxtəlif mədəniyyətlər və baxışlar arasında dialoq, eləcə də dinc mübadilələr kimi məsələlərin müzakirəsi və təşviqinin vacibliyini vurğulayıb.
Təqdimatdan sonra J.Kardon tədbir iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb, müəllifi olduğu və Azərbaycan qadınına həsr olunmuş “Qafqazın ram edilməyən qadını” adlı kitabını imzalayaraq konfrans iştirakçılarına təqdim edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq