Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Müasir qadın və cəmiyyət” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev multikultural dəyərlərin təbliğindən və bu sahədə görülən işlərin əhəmiyyətindən danışıb.
Sonra “Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətimizin həyat tərzidir”, “Azərbaycanda multikultural dəyərlər”, “İslam həmrəyliyi - Azərbaycan nümunəsi” mövzularında məruzələr dinlənilib.
Qeyd edək ki, tədbirin təşkilinin məqsədi ölkəmizin milli maraqlarını, multikultural dəyərlərini, tolerantlığını və İslam həmrəyliyini xarici ölkələrdə təbliğ etmək, islamofobiya meyillərinin qarşısının alınmasına dəstək göstərməkdir.
AZƏRTAC