Berndə “Multikulturalizm və mədəniyyətlərarası dialoq:İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib

Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlının rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbiri açan səfir Əkrəm Zeynallı Azərbaycanın əsrlərboyu müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu və milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını bildirib. Azərbaycanda multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini qeyd edən səfir Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” kimi qeyd olunduğunu diqqətə çatdırıb. Qonaqlara Azərbaycanda multikulturalizm və dinlərarası dialoq mühiti barəsində ümumi məlumat verən səfir bu tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə İsveçrənin “Dinlər Evi – Mədəniyyətlərin Dialoqu” təşkilatına və Azərbaycanın müxtəlif qurumlarını təmsil edən nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.

Qonaqlara Azərbaycan dövlətinin müxtəlif dini icmalara münasibətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı bu istiqamətdə tarixən formalaşmış milli-mənəvi dəyərlərdən söz açıb, müxtəlif dini icmaların birgəyaşayış nümunəsindən danışıb.

Daha sonra çıxış edən “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” təşkilatının rəhbəri Qerda Hauk İsveçrədə multikulturalizm və dinlərarası münasibətlərə nəzər salıb, bu istiqamətdə mövcud olan qanunvericilik aktlarını qeyd edərək, bir sıra çatışmazlıqların olduğunu vurğulayıb. O, İsveçrədə dövlət-din münasibətlərinin tənzimlənməsində kantonların və Konfederasiyanın özünəməxsus rol oynadığını qeyd edərək, bəzi kantonlarda bir sıra fərqliliklərin olduğunu bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitik şöbəsinin müdiri Rəşad İlyasov çıxışında Mərkəzin yarandığı tarixdən etibarən gördüyü işlərdən və uğurlu təcrübələrindən, o cümlədən İsveçrənin Friburq Universitetinin timsalında dünyanın 15 ölkəsində “Azərbaycan multikulturalizmi” mövzusunda dərslərin keçirilməsindən danışıb.

Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Azərbaycanda yəhudi icmasının tarixən formalaşması və hazırkı həyat tərzindən, dövlət tərəfindən onlara yaradılmış şəraitdən bəhs edib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov çıxış edərək əhalisinin 95 faizini müsəlmanların təşkil etdiyi Azərbaycanda müxtəlif dini konfessiyaların üzvləri arasında formalaşan qarşılıqlı hörmət və birgəyaşayış modelinin qorunması istiqamətində müsəlman icmasının fəaliyyətindən danışıb.

Sonda Bolqarıstanın İsveçrədəki səfiri Meqlena Pluqçiyeva-Aleksandrova tədbirdə çıxış edən natiqlərin Azərbaycandakı tolerantlıq mühiti barədə söylədikləri fikirlərin tam həqiqəti əks etdirdiyini, bunun şəxsən şahidi olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın multikulturalizm və dinlərarası dialoq məsələlərinə xüsusi diqqət yetirdiyini, hətta ölkə xaricində bir sıra geniş layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini vurğulayıb. Səfir Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunduğunu xüsusilə qeyd edərək, bu addımın bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini və buna görə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Konfransda, həmçinin “Azərbaycan - tolerantlıq məkanı” adlı sənədli film nümayiş etdirilib. Film iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

İsveçrədə fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələrinin, diplomatik korpusun üzvlərinin, jurnalistlərin və tədqiqatçıların iştirak etdikləri tədbirin sonunda suallar ətrafında geniş müzakirələr aparılıb.

Konfransın ardınca “Azərbaycanda dövlət-din münasibətlərinin xüsusiyyətləri” mövzusunda sərgi təşkil olunub. Həmçinin iştirakçılara milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern