Gəncədə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxış” adlı forum təşkil edilib

Gəncədə Prezident yanında Gənclər Fondunun və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin dəstəyi ilə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxış” adlı beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Gəncə şəhər Gənclər Evində keçirilən forumun məqsədi multikulturalizmin Azərbaycan modelini təbliğ etmək, eyni zamanda, ölkəmizin işğal edilmiş ərazilərində ermənilər tərəfindən dağıdılan və saxtalaşdırılan tarixi-arxeoloji abidələr, eləcə də Qarabağ həqiqətləri barədə Avropa ictimaiyyətini məlumatlandırmaq, həmçinin Avropa mediası ilə əməkdaşlığı inkişaf etdirmək və Avropa elmi gəncliyi vasitəsilə təbliğat işini daha da genişləndirmək olub.

Forum çərçivəsində Avropa gənc alimləri və media təmsilçilərinin iştirakı ilə multikulturalizmin Azərbaycan modeli haqqında diskussiyalar təşkil edilib. Azərbaycanlı və avropalı gənclər arasında Azərbaycanın tarixi Qarabağ torpaqlarının Ermənistan tərəfdən işğala məruz qalması nəticəsində dağıdılan abidələrlə bağlı birgə elmi məqalələrin hazırlanması və Avropada çap edilməsi barədə razılığa gəlinib.

Bundan başqa, Avropa Gənc Alimlər Şurasının xətti ilə Avropanın 35 ölkəsində fəaliyyət göstərən gənc alimlər təşkilatlarında və qurumun 2017-ci ildə Oslo şəhərində keçiriləcək forumunda Azərbaycan həqiqətlərinin yayılması məsələləri müzakirə olunub.


AZƏRTAC