Koreyada “Azərbaycan – multikulturalizmin yeni modeli” adlı təqdimat olub

Koreya Respublikasının paytaxtı Seulda fəaliyyət göstərən “Wolchon” Gənclər Mərkəzində “Azərbaycan – multikulturalizmin yeni modeli” adlı təqdimat keçirilib.

Prezident İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlər planına uyğun olaraq, Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirdə 200-ə yaxın yuxarı sinif şagirdi iştirak edib.

Təqdimat zamanı əvvəlcə ölkəmiz, habelə Azərbaycan-Koreya əlaqələri haqqında ümumi məlumat verilib. Sonra bir çox etnik qrupun əsrlərboyu mehriban və dinc yaşadığı Azərbaycanın multikulturalizm dəyərləri barədə təqdimat nümayiş etdirilib. Təqdimat zamanı dünya sivilizasiyasının əsas dinlərini özündə birləşdirən və yaşadan, eləcə də zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycanın özünəməxsus multikulturalizm dəyərlərinə sahib olması barədə məktəblilərə geniş məlumat verilib. Həmçinin Azərbaycanın multikulturalizm nümunələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sonda Azərbaycan multikulturalizminə dair hazırlanmış suallar əsasında keçirilmiş müsabiqənin qalibləri ölkəmizə aid milli suvenirlər və hədiyyələrlə mükafatlandırılıblar.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin