Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Anadoludan Qafqaza multikultural mədəniyyət körpülərimiz” mövzusunda seminar olub.
AZƏRTAC xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyi və Qafqaz Universitetinin “Azərbaycan Multikulturalizmi” Elmi-Tədris Mərkəzi tərəfindən birgə təşkil olunan tədbirdə muzeyin elmi işçisi Əli Fərhadov Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini vurğulayıb.
Ə.Fərhadov, eyni zamanda, “Anadoludan Qafqaza multikultural mədəniyyət körpülərimiz” mövzusuna həsr olunan nəşrlər barədə məlumat verib.
“Azərbaycan Multikulturalizmi” Elmi-Tədris Mərkəzinin müdiri Həbib Zərbəliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.
Diqqətə çatdırılıb ki, bu gün xalqımızın multikultural ənənələrinin qorunması və inkişafı sahəsində çox önəmli tədbirlər həyata keçirilir.
Mərkəzin baş elmi işçisi Minəxanım Təkləli Azərbaycan multikulturalizminin tarixindən bəhs edib. Azərbaycanın multikultural, tolerant ölkə olduğunu qeyd edən M.Təkləli milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıb.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC