Bakı - Dialoq və sülh üçün unikal geosiyasi mühit

Məlum olduğu kimi, ötən ilin 18-19 may tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin himayəsi və YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə «Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq» mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakı şəhərində keçirilib. 2011-ci ildən başlayaraq iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsünün tərkib hissəsidir. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən rəsmi şəxslər, bir sıra beynəlxalq təşkilatların rəhbər şəxsləri, 50-yə yaxın ölkədən nazir, nazir müavinləri, millət vəkilləri, nüfuzlu din xadimləri, beyin mərkəzlərinin və media qurumlarının təmsilçiləri, diplomatlar və səfirliklərin əməkdaşları olmalqa ümumilikdə 700 nəfərdən çox xarici ölkə nümayəndəsi iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə sözügedən Foruma ABŞ-nın Los Angeles şəhərində yerləşən Simon Vizental Mərkəzinin Beynəlxalq Dinlərarası Münasibətlər üzrə məsləhətçisi Annette Blum da qatılmı.dı. Bu yaxınlarda Annette Blum Amerikada çıxan “The Huff Post” qəzetində ölkəmizin tolerantlıq və multikulturalizm səhəsində böyük təcrübəsini əks edən “Bakı, Dialoq və Sülh üçün Unikal Geosiyasi Mühit” adlı bir məqalə dərc etdirib. Həmin məqaləni təqdim edirik.

Oskar Uaylda məxsus belə bir aforizm var: «Həyat incəsənəti daha çox təqlid edir, nəinki, incəsənət həyatı». Əslində, demək olar ki, müasir dövrümüzdə incəsənət xəyallarımızın mahiyyətini və ya yeni və olduqca yaradıcı olan anlayışların dərk edilməsi və formalaşdırılmasını müxtəlif şəkildə təcəssüm və təqdim edə bilir. Bu növ bədii prosesin ən bariz nümunəsi dialoqdur. Dialoq bəzən yaradıcılıq forması kimi özünü büruzə verən, lakin xarakter etibarilə, bəlkə də, ən geniş yayılmış və ən təsiredici ifadə vasitəsi olan paylaşma və ünsiyyət prosesidir. Dialoqun incəsənət və innovasiyadakı gücünün sübutu bədii və ictimai fəaliyyətin, o cümlədən sosial ədalətin kəsişməsində özünü göstərir; bütün dünyada birlikdə fəaliyyət göstərən və bu əməkdaşlığın qavranılması məqsədilə dəyişikliyə təsir etmək üçün strateji alyanslar yaradan sektorlar əsas istiqamət təşkil edirlər.

Bütün dünyada sülhə dəstək olan bir mexanizm kimi dialoq aparmaq potensialında olan aktivistlər, rəssamlar və dindarlar üçün bu işlərin qlobal səviyyədə dərk olunması əhəmiyyətli dəyişikliyə təsir etmək baxımından zəruridir. Bəs bu perspektivli istiqamətlərin reallaşdırılmasında bizə kömək etmək üçün dialoqun rolu nədən ibarətdir? Daha da təkmilləşmək, insan fəaliyyətinin və sülhü bərpa edən və qoruyan potensial sistemlərin daha yaxşı modellərini yaratmaq üçün biz hansı nümunələri araşdırmalı və onlardan nəticə çıxarmalıyıq? Dünya dinləri ilə əlaqəli təşkilat olan “Dinlər sülh üçün” təşkilatının daxil olduğu QHT-lər üçün bir aktivist, eyni zamanda, incəsənət sahələrində aktivizmin tərəfdaşı və dəstəkçisi kimi bu sual mənim üçün əhəmiyyət kəsb edir. Azərbaycana, Bakıya son səfərim zamanı baş verən proseslərdə bu xüsusiyyəti görmək imkanına malik oldum.

2015-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun panelisti və iştirakçısı kimi mən dialoqun keyfiyyətlərinin və xüsusiyyətlərinin multikulturalizm və sosial harmoniyanın standartlarına və xarakterinə necə kömək etdiyi barədə məlumat vermək məqsədilə həmkarlarından və liderlərdən ibarət böyük bir beynəlxalq qrupa qoşuldum. Səfərimdən öncə mən Azərbaycan haqqında bir-birinə zidd olan fikirlər eşitmişdim, lakin buna baxmayaraq müəyyən səbəblərdən iştirakla bağlı dəvəti böyük məmnuniyyətlə qəbul etdim.

Hər şeydən öncə diqqətimi çəkən maraqlı məqam ondan ibarət idi ki, İslam dünyasında ilk dünyəvi demokratiya 1918-ci ildə məhz Azərbaycanda yaradılıb. Bundan əlavə, mühafizəkar və bəzən də radikal ideologiyalarla əhatə olunmasına baxmayaraq Azərbaycan qadınlara səsvermə hüququnu 1919-cu ildə verib. Bu hadisə Birləşmiş Ştatların qadınlara cəmiyyətdə və rəhbərlikdə onların rolunun zəruriliyini göstərən həmin vacib hüquqların verilməsindən bir il öncə baş verib.

Nəhayət, Azərbaycana səfərlə bağlı dəvəti qəbul etməyimin üçüncü səbəbi Azərbaycanın İsrail ilə dostluq münasibətlərinin uzunmüddətli tarixə malik olmasıdır. Bu iki ölkə dünya ilə bağlı ortaq fikrə sahibdir və onların müxtəlif güclü dəyərləri var. Mən Bakıda olarkən «Simon Wiesenthal» Mərkəzindəki həmkarım Ravvin Kupper ilə birlikdə yəhudi icmasına və sinaqoqa baş çəkdim. Yəhudi icması müsəlmanların çoxluq təşkil etdiyi Bakıda dinc şəraitdə yaşayır. Burada insanlar müxtəlif dinlərə mənsub olan şəxslər arasında nikahların bağlanmasını qəbul edir və iki icma ölkədə vəziyyətin daha yaxşı olması üçün birlikdə çalışır. Əsas dəyərləri paylaşmaqla yanaşı İsrail və Azərbaycan, həmçinin, resursları da paylaşır. İsrailin idxal etdiyi neftin əksər hissəsi Azərbaycanın payına düşür, İsrail isə Azərbaycana investisiya qoyur və Azərbaycan hökuməti və xalqını texnologiya və xidmətlərlə təmin edir.

Bakıdakı nümayəndə heyətimiz icma və hökumət rəhbərlərinin bizim yaxın gələcəyimizi formalaşdırmaqda dialoqun zəruri rol oynadığı bir dövrdə dünyada davamlı inkişafa nail olmaq və məlumatlandırma vasitəsilə strateji alyansların və məqsədlərin idarə olunması və optimallaşdırılmasında necə vacib rol oynaya bilməsi barədə müzakirələr apardı. Azərbaycan öz gücü və onu ətraf regionu viran etmiş ekstremizm qüvvələrindən və ixtilaflarından qoruyan imkanları ilə geosiyasi cəhətdən unikal mövqeyə malikdir. Eyni zamanda bu, Azərbaycanın Ermənistanla sərhədi yaxınlığında Qarabağ regionunda 1992-ci ildə Sovetlər Birliyi zamanı yaranan və hələ də davam edən, yalnız ərazi məsələsi ilə bağlı olan və regiondakı digər ölkələrdən fərqli olaraq dini müxtəlifliklərlə əlaqəsi olmayan yeganə münaqişəni həll etmək üçün də müvafiq hesab olunur. Bu münaqişədən öncə müsəlman azərbaycanlılar və xristian ermənilər arasında qarışıq nikahların bağlanması ümumi bir hal idi və münaqişənin baş verməsinə baxmayaraq, hal-hazırda Azərbaycanda dinc şəraitdə yaşayan ermənilərin sayı 30 mindən çoxdur.

Bütün bu faktorlar nəzərə alınmaqla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniya ilə bağlı öz vəzifə və nailiyyətini vurğulayan bu tədbir üçün münasib və olduqca maraqlı bir məkan idi. Multikulturalizmin dünyəvi və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan bir ölkədə necə həyata keçirilməsini və Azərbaycanın tolerantlıq dəyərlərinin müasir cəmiyyətdə necə müdafiə olunduğunu görmək üçün Bakıya səfər edən həmkarlar və həmfikir rəhbərlərlə yenidən görüşmək ilhamverici məqam idi. Düşünürük ki, Azərbaycandakı müsbət halları paylaşmaqla digər dövlətlərin də əldə etmək niyyətində olduqları yeni perspektivi paylaşmağa kömək edə bilərik.

Biz bir qrup kimi dünyada dialoqun davam etdirilməsinə duyulan ehtiyac, onun təsiri və bu günə qədər həyata keçirilmiş işlərin həcmi haqqında danışdıq. Dinlərarası sülhün timsalında bu unikal cəmiyyət digər ölkələrə müxtəlif icmaların dinc şəraitdə və qarşılıqlı hörmət münasibətində birlikdə yaşaya bilmək modeli kimi güclü nümunə təklif edir. Azərbaycanın İranla sərhəddə yerləşməklə buna nail olması faktı onun prinsiplərinin gücündən və birliyindən xəbər verir.

Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit hökumətləri və əhalisi olan digər İsrailin müsəlman müttəfiqlərindən fərqli olaraq, Azərbaycanın uğuru onilliklər boyunca əsasən stabil qalmış hökuməti və cəmiyyətinin açıqlıq və tolerantlıq ənənələrinin geniş əhatə dairəsinə əsaslanır. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən bu dövlətdə qəti şəkildə kök salmış dəyərlər sayəsində ətraf ölkələrdən gələn təhlükələr üçün burada özünə yer tapmaq və inkişaf etmək şansı yoxdur.

Azərbaycan bu vəzifənin öhdəsindən gəldiyini bütün səviyyələrdə və cəmiyyətin bütün sahələrində sübuta yetirib. Yəhudi qadın Azərbaycan Respublikasının Ali Məhkəməsində öz müsəlman və xristian həmkarları ilə birlikdə çalışır, Parlamentin yəhudi və xristian üzvləri isə müsəlmanların sayının çoxluğuna baxmayaraq, tamamilə sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan bütün dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadığı və bərabər imkanlara malik olduğu bir dövlətdir.

Dialoqun aparılması və sülhün əldə olunması üçün bir mexanizm kimi incəsənətdə fəal mövqenin roluna diqqət yetirən bir şəxs kimi Bakıdakı təcrübəmi müzakirə etmək üçün toplaşdığımız mövzunun dəqiq təsviri hesab edirəm. Bu bizim hamımızın əldə etmək istədiyimiz birgəyaşayış növünün canlı nümunəsi kimi özünü büruzə verdi və dünyada sülhün bərqərar olması üçün zəruri olan vəzifə və mühiti nümayiş etdirdi.


Annette Blum

ABŞ, Simon Vizental Mərkəzinin
Beynəlxalq Dinlərarası Münasibətlər üzrə məsləhətçisi
1 iyul 2016

http://cdn.multikulturalizm.gov.az/2016/01/Foto-AB-.jpg